Milli fəal Kərim İsmayılzadə həbsxanaya köçürülüb

Güneyli fəal Kərim İsmayılzadə

Güneyli idmançı və milli fəal Kərim İsmayılzadə aprelin 17-də təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq, Təbriz Mərkəzi Həbsxanasına köçürülüb.

Bölgədəki hüquq müdafiəçilərinin sosial mediada yaydığı məlumata görə, bu türk fəal bu gün Təbrizdə həbs edilib və daha əvvəl Təbriz İnqilab məhkəməsinin ona qarşı çıxarıdığı 6 aylıq həbs cəzasını çəkmək üçün həbsxanaya köçürülüb.

Az News TV Telegram kanalı bu azərbaycanlı fəalın sözlərinə istinadən fəaliyyətləri barədə yazıb ki, "Kərim İsmayılzadə 'Urmu Araz üçün Birlik' kampaniyasını başlatmaqla Urmiyə gölünün qəsdən qurudulması və Araz çayının Ermənistan tərəfindən çirklənməsi ilə bağlı maarifləndirmə fəaliyyətlərində rol oynayıb."

O, keçən il dekabr ayında Təbriz Ümumi və İnqilab Məhkəməsinin 1 saylı şöbəsi tərəfindən "kiber məkanda insanları zorakılıq hərəkətlərinə təhrik etmək və dəvət etmək" ittihamından təqsirkar tanınaraq, 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi. Milli fəal "ölkənin daxili/xarici təhlükəsizliyinə qarşı cinayət törətmək üçün toplaşmaq və əlbir olmaq" ittihamından bəraət qazanmışdı.

SEE ALSO: Milli fəal Kərim İsmayılzadə 6 ay azadlıqdan məhrum edilib

Daha sonra bu il mart ayında Şərqi Azərbaycan vilayətinin milli fəalın şikayətinə baxan Apellyasiya Məhkəməsinin 2 saylı şöbəsi İsmayılzadənin 6 aylıq həbs cəzasını qüvvədə saxlayıb.

İsmayılzadə keçən il avqustun 16-da Təbrizdə "Traktor" və "Persepolis" komandaları arasında keçirilən futbol matçı zamanı stadiona daxil olanda təhlükəsizlik qüvvələri tərəfindən həbs edilmişdi və bir neçə gün sonra zəmanət qarşılığında müvəqqəti olaraq həbsxanadan azadlığa buraxılmışdı.