Avropa Şurasının yeni hesabatına əsasən, Azərbaycan yenidən Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərarlarını ən pis icra edən ölkələr sırasına başçılıq edir.
AİHM qərarlarının icra durumuna dair yeni illik hesabatda Azərbaycanın barəsində çıxarılan qərarların 75 faizini icra etmədiyi vurğulanır. Azərbaycanı 43 faizlə Gürcüstan və 41 faizlə Malta izləyir.
2023-cü ilin sonuna olan statistikaya əsasən, Avropa Şurası Nazirlər Komitəsinin nəzarətində Azərbaycanla bağlı icrasını gözləyən 337 qərar var.
Azərbaycan icra edilməyən işlərin sayına görə Avropa Şurasına üzv ölkələr arasında Ukrayna, Rumıniya və Türkiyədən sonra dördüncü sırada yer alır.
Azərbaycanla bağlı icrasını gözləyən 337 qərardan 50-si aparıcı işlərə dair verilən qərarlardır.
Aparıcı işlər ciddi insan hüquqları pozuntularının aşkarlandığı, qərarların icra edilməsi üçün köklü islahatların tələb edildiyi işlərdir. Azərbaycanla bağlı aparıcı işlər sırasında siyasi fəalların, hüquq müdafiəçiləri və jurnalistlərin siyasi motivli həbsləri, ifadə azadlığının, birləşmək və toplaşmaq azadlığının pozulması ilə bağlı işlər yer alır.
Sözügedən aparıcı işlərlə bağlı qərarlardan 29-u artıq 5 ildən çoxdur ki, icrasını gözləyir.
Hüquqşünas Xalid Ağaliyev qeyd edir ki, Azərbaycanda Avropa Məhkəməsi qərarlarının icrasının nə dərəcədə effektiv olduğunu, nə dərəcədə milli təcrübələrə təsir etdiyini ölçməyin yolu məhz aparıcı işlərlə bağlı qərarların necə icra olunduğuna nəzər salmaqdır.
“Avropa Məhkəməsinin Azərbaycanla bağlı qəbul etdiyi aparıcı məhkəmə qərarlarının icrası problemli olaraq qalmaqda davam edir. Aparıcı işlərlə bağlı qərarlar icra olunmamış qalır. Bu baxımdan bu sahədə hansısa tərəqqidən danışmağa əsas yoxdur”, Ağaliyev vurğulayıb.
Ötən il ərzində Azərbaycanla bağlı qərarların 32-si icra edilmiş hesab edilib və bu işlər qapadılıb. 2023-cü ildə Azərbaycan hökuməti hüquq pozuntularına görə ərizəçilərə ümumilikdə 883 min avro təzminat ödəməli olub.
Digər tərəfdən ötən il Azərbaycanla bağlı 84 yeni iş Nazirlər Komitəsinin nəzarət proseduruna daxil edilib. Azərbaycan bu baxımdan Avropa Şurası ölkələri arasında ilk üçlükdədir. Azərbaycanı 125 yeni işlə Ukrayna və hər biri 87 iş olmaqla İtaliya və Rumıniya qabaqlayır.
Nazirlər Komitəsi Azərbaycanda ötən il ərzində atılan müsbət addım kimi 2023-cü ilin iyun ayında Məhkəmə-Hüquq Şurası haqqında qanuna edilən düzəlişləri qeyd edib. Hesabatda bildirilir ki, qanun indi Şura üzvlərinin ən azı yarıdan çoxu hakimlərdən ibarət olmalıdır. Bundan əlavə Ədliyyə naziri birbaşa Şura üzvü hesab edilməyəcək və prezident tərəfindən təyin olunan nümayəndə olmayacaq.
Azərbaycanın AİHM qərarlarının icrasına dair statistikasına istinad edən hüquqşünas Xalid Ağaliyev isə qərarların icrasının və qeyd edilən addımların milli məhkəmə təcrübəsinə müsbət təsir etdiyini qiymətləndirə bilmədiklərini deyir.
“Məhkəmə Hüquq-Şurasına dəyişikliyin ümumi reallıqları dəyişəcəyini düşünmək Azərbaycanın kontekstini bilməməkdən irəli gələ bilər. Yəni ayrılıqda Məhkəmə-Hüquq Şurasının tərkibinin dəyişməsi, yaxud bu kontekstdə hər hansı addımların ümumi təcrübəni dəyişəcəyini düşünmək ciddi yalnışlıq olardı və qeyd edilən dəyişikliklər də bir neçə il əvvəl baş verib, hansısa ciddi irəliləyişin olduğunu desək, yanılmış olarıq”, Ağaliyev deyib.
Azərbaycan hökuməti ötən il ərzində nəzarətdə olan işlərlə bağlı Avropa Şurası Nazirlər Komitəsinə ünvanladığı Fəaliyyət Hesabatlarında məhkəmə-hüquq sistemində islahatlar apardığını, qanunvericiliyin təkmilləşdirildiyini, habelə, hüquq-mühafizə və prokurorluq orqanlarında maarifləndirmə işləri aparıldığını vurğulayır.
Azərbaycan Ali Məhkəməsinin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov ötən ilin oktyabrında Strasburqda Avropa Məhkəməsinin prezidenti Siofra O’Liri ilə görüşü zamanı bildirilib ki, Azərbaycan Avropa Şurasının təsisatları ilə işgüzar əlaqələrin, həmçinin Avropa Şurasına üzv olan ölkələrlə məhkəmə-hüquq sahəsində əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verir.
Hesabata əsasən, Avropa Şurasına bütün üzv ölkələri nəzərə almaqla Avropa Məhkəməsinin ümumilikdə 3819 qərarı icrasını gözləyir, bunlardan 1088-i aparıcı işlər hesab olunur.
2023-cü ildə 180-i aparıcı iş olmaqla 982 iş bağlansa da, Nazirlər Komitəsinin nəzarətinə 1043 iş daxil olub.
Andorra və Lixtenşteyn 100 faizlik göstərici ilə Avropa Şurası məkanında AİHM qərarlarını ən yaxşı icra edən ölkələrdir. Daha sonra 98 faizlik göstərici ilə Avstriya və İsveç gəlir.