Ağdam rayonunun Əliağalı kəndi ərazisində mina hadisəsi baş verib.
Bu barədə Daxili İşlər Nazirliyi (DİN), Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətləri birgə məlumat yayıb.
Məlumata görə, 2024-cü il 12 aprel tarixində 1965-ci il təvəllüdlü Bağırov Mirfəttah Bağır oğlu və 1973-cü il təvəllüdlü Teymurov Xəqani Allahverdi oğlu keçmiş təmas xətti yaxınlığında, minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə minaya düşüb. Hər iki şəxs ayağından xəsarət alıb.
Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.
"DİN, Baş Prokurorluq və ANAMA bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır", - deyə məlumatda vurğulanıb.
Piyadalar Əleyhinə Minaların Qadağan Olunması Uğrunda Beynəlxalq Kampaniyanın hesabatına görə, dünyanın 164 ölkəsi "Piyadalar əleyhinə minaların istifadəsi, ehtiyatının toplanması, istehsalı və ötürülməsinin qadağan olunması və onların məhv edilməsi" haqqında Konvensiyaya üzv olub. 33 dövlət, o cümlədən də Cənubi Qafqaz ölkələri hələ bu konvensiyaya qoşulmayıb.
Azərbaycan, Əfqanıstan, Anqola, Bosniya-Hersoqovina, Kamboca, Çad, Xorvatiya, İraq, Tayland və Türkiyə ərazisi daha çox minaların təsirinə məruz qalmış ölkələr sayılır.
Azərbaycan Xarici İşlər Nazirliyinin 4 Aprel - Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günü ilə bağlı bəyanatında deyilir ki, 2023-cü ilin sentyabr ayında antiterror tədbirlərindən sonra Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində və bu ərazilərin perimetrləri boyunca 500 mindən artıq mina basdırıldığı faktının aşkarlanması bu təhdidin miqyasını sübut edən faktlardır.
“Ermənistan tərəfindən davam etdirilən mina təhdidi nəticəsində demək olar ki, gündəlik əsasda baş verən mina partlayışları zamanı postmünaqişə dövründə ümumilikdə 350 nəfər azərbaycanlı mina qurbanına çevrilib. Onlardan 50 nəfər mülki şəxs, 15 nəfər hərbi qulluqçu olmaqla, 65 nəfər həlak olub”, nazirliyin bəyanatında qeyd edilir.
Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov aprelin 4-də mətbuat konfransında bildirib ki, ümumilikdə Azərbaycanda mina qurbanlarının sayı 3 429 nəfər təşkil edir.
“Mina qurbanlarından 595 nəfəri həyatını itirib. 3 429 nəfər zərərçəkəndən 357 nəfəri uşaq, 38 nəfəri qadınlardır. 2020-ci il noyabrın 10-dan bu günədək 350 nəfər mina partlayışının qurbanı olub. 65 nəfəri həlak olub, 285 nəfər xəsarət alıb”, o qeyd edib.
Minalar Əleyhinə Azərbaycan Kampaniyasının sədri Hafiz Səfixanovun sözlərinə görə, Azərbaycandakı mina qurbanlarının sayı Cənubi Qafqazın digər ərazilərindəki bütün mina qurbanlarının sayından çoxdur, hər ay yeni mina qurbanları barədə məlumatlar alınır.
O hesab edir ki, əhali maarifləndirmə proqramlarında verilən tövsiyələrə ciddi əməl etməlidir.
“Problemimiz çox böyükdür, illərlə davam edəcək, ona görə də maarifləndirmə proqramlarında verilən tövsiyələrə və tapşırıqlara ciddi əməl etməliyik”, Səfixanov qeyd edib.
ABŞ-ın Azərbaycandakı səfirliyi bildirib ki, regional sülhü və əməkdaşlığı təşviq etmək üçün ABŞ 2021-ci ilin noyabr ayından münaqişədən təsirlənən ərazilərdə humanitar minalardan təmizləmə əməliyyatları üçün 2,5 milyon dollar ayırıb.
"ANAMA və onun cəsarətli minatəmizləyicilərinə dəstək olmaqdan qürur duyuruq" səfirlik qeyd edib.
Məlumatda qeyd edilib ki, ABŞ 1993-cü ildən bəri 100-dən çox ölkəyə 4,6 milyard dollardan çox sərmayə yatırmaqla adi silahların məhv edilməsi üzrə dünyanın ən böyük maliyyə dəstəkçisidir.
Həmçinin Aİ-nın Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko X hesabında qeyd edib ki, Aİ Azərbaycanda minatəmizləməyə 8 milyon avro dəstək verib.