"Traktor" komandasının iki azarkeşi həbs edilib

"Traktor - Sepahan" matçı

İran mediası Təbrizdə "Traktor" komandasının iki azarkeşinin həbs olunduğunu bildirib.

"Hamshahrionline" saytı aprelin 3-də Təbrizin Səhənd stadionunda keçirilən "Sepahan-Traktor" matçında "Azərbaycan Respublikasının bayrağını qaldıran" iki azarkeşin həbs olunduğu barədə məlumat yayıb.

Bu xəbər portalı həbs olunan şəxslərin kimliyini açıqlamayıb. Həmin şəxslərə qarşı irəli sürülən ittihamlar və onların harada saxlanıldığı barədə məlumat yoxdur.

Xəbərdə həmin matçda stadionda qaldırıldığı iddia edilən Azərbaycan bayraqlarının iki şəkli yayımlanıb.

Tehran Bələdiyyəsinə bağlı olan bu sayt həbs olunanları "Pantürkist" ittihamı ilə əlaqələndirib.

İran İslam Respublikasının qanunlarında pantürkizm ittihamı yoxdur, lakin İran Azərbaycanında bir çox milli fəal həbs olunduqdan sonra təhlükəsizlik qurumlarında Pantürkizm ilə əlaqədar sorğu-sual edilir.

Vəkil və hüquq müdafiəçilərindən olan Sina Yusifi X hesabında bu xəbərə münasibət bildirib. Yusifi keçmişdə bənzər iş ilə bağlı təcrübəsinə toxunaraq yazıb ki, İran qanunlarına görə xarici dövlətin bayrağının qaldırılması cinayət sayılmır. O əlavə edib ki, keçmişdə İran Apellyasiya Məhkəməsi oxşar bir iddia ilə təqsirləndirilən şəxslərə bəraət vermişdi.

"Traktor-Sepahan" oyunu Təbrizin Səhənd stadionunda "Traktor" azarkeşlərinin coşqulu qarşılaması ilə keçirilib. İran mediası bu oyunda "Traktor" azarkeşlərinin tarixi rekord qırdığını bildirib.