Aprelin 6-da Bakı Nərimanov Rayon Məhkəməsində illi Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun həbs qətimkan tədbirinin uzadılması işinə baxılıb.
Tofiq Yaqublunun qızı Nigar Həzinin Amerikanın Səsinə verdiyi məlumata görə, Yaqublu barəsində 2 ay həbs qətimkan tədbiri seçilib.
O, Nərimanov rayon məhkəməsinin qərarından apellyasiya şikayəti veriləcəyini bildirib.
Aprelin 5-də isə Bakı Apellyasiya Məhkəməsində hakim Ziya Şirinovun sədrliyi ilə Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması ilə bağlı vəsatəti təmin etməyib.
Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzinin və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu ötən il dekabrın 14-də həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya satma) və 320.2-ci (bilərəkdən saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanıb.
Siyasətçi bundan öncə də dəfələrlə cinayət və inzibati təqiblərə məruz qalıb. Beynəlxalq təşkilatlar onu vicdan məhbusu kimi tanıyıb.
Azərbaycanda son aylarda iyrimidən çox fəal və jurnalist həbs edilib. Bu həbslər çoxsaylı beynəlxalq hüquq müdafiə təşkilatları, həmçinin ABŞ Dövlət Departamenti tərəfindən qınanılıb.
Azərbaycan hökuməti isə ölkədə siyasi məhbus kimi tanınan şəxslərlə bağlı beynəlxalq tənqidləri qəbul etmir və qərəzli sayır. Hökumət rəsmiləri Azərbaycanda insanların siyasi baxışlarına görə təqib edilmədiyini və bütün fundamental hüquqların tam təmin edildiyini bəyan edir.