Aprelin 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Elnur Həsənovun cinayət işi üzrə hazırlıq iclası keçirilib. Məhkəmə baxışı aprelin 19-na təyin edilib.
Məhkəmə vəkil Nemət Kərimlinin müdafiə etdiyi şəxsin vəkilin yanında əyləşməsi və həbsin ev dustaqlığı ilə əvəzlənməsi barədə vəsatətlərini təmin etməyib.
Elnur Həsənov 28 noyabr 2023-cü ildə külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi (Cinayət Məcəlləsinin 234.4.3-cü madəsi) ittihamı ilə həbs olunub. Fəal hesab edir ki, həbsinin əsl səbəbi Yol Polisi rəhbərliyinin hərəkətlərini tənqid etməsidir.
AXCP bildirir ki, bu partiyanın 11 nəfər fəalı siyasi fəaliyyətinə, tənqidi baxışlarına görə həbsdədir. Məlumatda deyilir ki, hazırda AXCP fəalları Şahin Hacıyev, Elxan Əliyev, Zamin Salayev, Niyameddin Əhmədov, Pünhan Kərimli, Mütəllim Orucov, Aqil Hümbətov, Razi Alışov, Elbəyi Kərimov, Elnur Həsənov və Sahib Məmmədzadə həbsdədir.
Bununla yanaşı, rəsmi Bakı ölkədə siyasi məhbusların olmadığını bildirir, bu sahədə tənqidləri qəbul etmir və qərəzli sayır. Dövlət rəsmiləri bir qayda olaraq insanların qanun qarşısında bərabər olduğunu, iradəsinə görə təqib edilmədiyini bəyan edir.