ABŞ Senatının Xarici Əlaqələr Komitəsi Qubad Ibadoğlunu azad etməyə çağırıb

Qubad İbadoğlu (Gubad Ibadoghlu)

ABŞ Senatının Xarici Əlaqələr Komitəsi Azərbaycan hökumətini doktor Qubad İbadoğlunu həbsdən azad etməyə çağırıb.

“Bu gün dünya şöhrətli alim və Azərbaycanda insan haqları müdafiəçisi, doktor Qubad İbadoğlunun siyasi motivlərlə haqsız yerə həbs olunmasından 250 gün keçir. Onun demokratiya, təhsil və korrupsiyaya qarşı mübarizəsi haqqında fəaliyəti daha çox öyrənilməlidir”, Xarici Əlaqələr Komitəsinin açıqlamasında deyilir.

Senatın Xarici Əlaqələr Komitəsinin rəhbəri Ben Kardin beynəlxalq birliyi dəstəkləyir və prezident İlham Əliyevi Qubad İbadoğlunu azad etməyə çağırmaqda davam edir.

“Qubad İbadoğlunun vəziyyəti dəhşətli olaraq qalır və onun azad edilməsinə nail olmaq lazımdır. Saxlanma yerində şərait dəhşətlidir. Həbsxanada onun həyatını xilas etmək üçün təcili tədbirlər görülməlidir”, o doktor İbadoğlunun həbsxana kamerasından öz ailəsinə yazdığı mesaja istinadən bildirir.

Öz növbəsində Penitensiar Xidmətdən Amerikanın Səsinə bildirblər ki, Qubad İbadoğlunun saxlandığı Bakı istintaq təcridxanası müasir standartlara uyğun inşa olunub.

“Qubad İbadoğlunun saxlanma şəraiti qanunvericiliklə müəyyən edilmiş tələblərə və normalara uyğundur, hüquqları, qanuni mənafeləri təmin edilir və qorunur. Tibbi təminatı ilə bağlı aiddiyəti üzrə Ədliyyə Nazirliyi Tibb baş idarəsinə müraciət etməyiniz tövsiyə olunur”, Penitensiar Xidmətin Amerikanın Səsinin sorğusuna cavabda deyilir.

Ədliyyə Nazirliynin Tibb Baş İdarəsi isə bu məlumata hələ münasibət bildirməyib.

Ötən il iyul ayında Nərimanov Rayon Məhkəməsi Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri, iqtisad elmləri doktoru Qubad İbadoğlu barədə həbs qətimkan tədbiri seçib. Qubad İbadoğlu 204.3.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1-ci (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunur. İki ittiham üzrə onu 17 ilədək həbs gözləyir.

Azərbaycan Daxili İşlər Nazirliyi Qubad İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan, hazırda Amerikada yaşayan Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib. Qubad İbadoğlu ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu qeyd edir.

Bir sıra ölkələr və beynəlxalq təşkilatlar, o cümlədən ABŞ Dövlət Departamenti, ABŞ senatorları və konqresmenləri İbadoğlunun həbsdən azad edilməsi üçün çağırışlar edib.