Azərbaycan və Ermənistan parlamentlərinin spikerləri Sahibə Qafarova və Alen Simonyan arasında mayın ayının ortalarında Parlamentlərarası İttifaqın (IPU) vasitəçiliyi ilə növbəti görüş planlaşdırılır.
Bu barədə Alen Simonyan Ermənistan İctimai Televiziyasına müsahibəsində deyib və Cenevrədə ötən həftə baş tutan ilk görüşün konstruktiv keçdiyini, növbəti görüş üçün razılıq əldə edildiyini əlavə edib.
“Parlament səviyyəsində təmasların başlanması barədə qərar qəbul edilib və ilkin razılığa əsasən, görüş mayın ortalarında baş tutacaq”, Simonyan vurğulayıb.
Qafarova və Simonyan martın 22-də Parlamentlərarası İttifaqın Cenevrədə keçirilən 148-ci Assambleyası çərçivəsində görüşüblər. Rəsmi məlumata görə, aparılmış müzakirələr zamanı Azərbaycan və Ermənistan arasında davam edən sülh danışıqları fonunda iki ölkə parlamentinin sülh prosesinə hansı formada dəstək göstərə biləcəyi məsələlər nəzərdən keçirilib.
İsveçin Parlamentlərarası İttifaqdakı nümayəndə heyətinə rəhbərlik edən deputat Marqareta Sederfelt görüşü “tarixi görüş” adlandırıb.
“Parlamentlərarası İttifaq iki ölkə arasında münasibətləri normallaşdırmaq üçün ilk dəfə bir masa arxasına oturan Ermənistan və Azərbaycan parlamentlərinin sədrləri arasında tarixi görüşün vasitəçisi kimi çıxış edib”, Sederfelt X səhifəsində yazıb.
Parlamentlərarası İttifaqın məlumatında isə deyilir ki, görüş iki tərəf arasında hökumətlərarası sülh danışıqlarına parlament səviyyəsində əlavə və töhfə kimi nəzərdə tutulub və tərəflər Parlamentlərarası İttifaqın himayəsi altında etimadı bərpa etmək üçün dialoqu davam etdirmək barədə razılığa gəliblər.
“Parlamentarilər xalqın nümayəndələri kimi gərginliyin azaldılması və etimadın yaradılmasında, eləcə də gələcək sülh sazişinin ratifikasiyası və həyata keçirilməsində əsas rol oynayırlar”, məlumatda qeyd edilir.