Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Niyaməddin Əhmədov 16-cı gündə aclığı dayandırıb.
Bu barədə Amerikanın Səsinə AXCP-dən bildiriblər.
Partiyadan verilən məlumata görə, Niyaməddin Əhmədov valideynlərinin, vəkillərinin və partiya yoldaşlarının xahişi ilə aclığı dayandırmaq qərarına gəlib.
Məlumata görə, onun tələblərinin bir qismi təmin edilib və ailəsi ilə görüşməsinə icazə verilib.
Əhmədov martın 12-də ailəsi ilə görüşmək hüququnun pozulmasına, ona ərzaq ötürülməsində yaradılan maneələrə və s. etiraz əlaməti olaraq aclığa başlayıb.
AXCP-nin məlumatına görə, bu partiyanın həbsdəki fəalı Niyaməddin Əhmədov saxlanıldığı 12 saylı Cəzaçəkmə Müəssisəsində martın 12-də aclıq aksiyasına başlayıb.
AXCP Niyaməddin Əhmədovun təcridxanada ona qarşı olan haqsızlıqlara etiraz olaraq aclıq etdiyini bildirib.
Niyaməddin Əhmədov 2020-ci ilin aprelindən həbsdədir. Öncə o, karantin rejimi qaydalarını pozma ittihamı ilə bir ay inzibati həbs cəzası alıb. Bu cəza müddəti başa çatdığı gün Cinayət Məcəlləsinin 214-1-ci (terroru maliyyələşdirmə) maddəsi ilə barəsində cinayət işi açılıb.
İstintaqın sonunda ona daha iki maddə ilə - 28.281-ci (dövlət əleyhinə yönəlik açıq çağırışlara hazırlıq), 233-1-ci (qanunla mülki dövriyyədə olmasına yol verilməyən əşyaları əldə etmə, saxlama) maddələri ilə ittiham verilib.
İddia olunur ki, Almaniyada siyasi mühacir kimi yaşayan və sosial şəbəkələrdə Azərbaycan hakimiyyətinin ünvanına tənqidlər, bəzən də təhqirlər səsləndirən Qabil Məmmədov terror məqsədilə ona pul göndərib. 2021-ci il oktyabrın 8-də Bakı Ağır Cinayətlər Məhkəməsi Niyaməddin Əhmədovu 13 il azadlıqdan məhrum edib.
AXCP ittihamların qondarma və siyasi motivli olduğunu bildirib. Qabil Məmmədov da ittihamı yalan adlandırıb.
Hüquq müdafiəçiləri Niyaməddin Əhmədovu siyasi məhbus kimi tanınıb.