Həmədan və Zəncan vilayətində yerləşən Əbhar şəhərində Ramazan ayında elan edilən qaydalara əməl edilmədiyi üçün ümumilikdə 69 iş yeri polis tərəfindən möhürlənib.
İRNA və İSNA xəbər agentliklərinin yaydığı xəbərlərə görə, Zəncan vilayətinin Əbhər şəhərində “Ramazan ayına hörmətsizlik” adlandırılan səbəbdən dolayı 4 restoran möhürlənib.
Həmçinin Həmədan şəhərində Ramazan ayının başlanğıcından 65 iş yeri xüsusilə restoranların “Ramazan ayında elan edilən qaydalara əməl etməmək” səbəbindən möhürləndiyi bildirilib. Həmədanda bu sayda iş yeri Ramazan ayının başlamasından bu yana 12 gün ərzində bağlanıb.
İş yerinin möhürlənməsi ilə bir müddətdə biznes sahibinə fəaliyyət imkanı verilmir.
İranda İslam Respublikası qanunlarına görə, Ramazan ayında ictimai yerlərdə orucu pozan şəxslər məhkəmədə mühakimə oluna və cəzalandırıla bilərlər.
İran qanunlarına görə, Ramazan ayında ictimai yerlərdə oruc qaydalarının pozulmasına görə 10 gündən 2 aya qədər həbs və ya 74 şallaq zərbəsi cəzası tətbiq edilə bilər. Şəxsi avtomobildə orucu pozan şəxslər də eyni cəzaya məruz qala bilər.
İranda ümumi olaraq iş yerləri hicaba əməl edilmədiyinə və ya İslam qaydalarına riayət edilmədiyinə görə möhürlənir. Ramazan ayında isə restoran və kafelər müəyyən olunmuş qaydalara uyğun olaraq fəaliyyət göstərmədiyi halda bu, onların bəzən bir neçə ay bağlanmasına səbəb ola bilər.