Rusiya Ermənistan parlamentinin Avropa İttifaqının missiyası barədə qərarını effektiv saymır

Avropa İttifaqının Monitorinq missiyası (Mənbə: Avropa İttifaqı)

Ermənistan Milli Assambleyası Ermənistan ilə Avropa İttifaqı (Aİ) arasında Avropa İttifaqının Ermənistandakı missiyasının (EUM) statusu haqqında sazişi ratifikasiya edib.

Armenpress agentliyinin məlumatına görə, layihə 57 lehinə, 0 əleyhinə, 27 bitərəf olmaqla qəbul edilib.

Məlumatda deyilir ki, saziş Aİ-nin Ermənistandakı missiyasının fəaliyyətini tənzimləyir, missiyanı və onun şəxsi heyətini əhatə edir, həmçinin missiyanın Ermənistan ərazisindəki funksiyalarını aydınlaşdırır. Missiyanın fəaliyyəti təkcə Ermənistanın şərq sərhədlərinin sabitliyinin təmin edilməsi baxımından deyil, həm də Aİ-Ermənistan siyasi münasibətlərinin sürətli yaxınlaşması prosesləri nöqteyi-nəzərindən tənzimlənir.

Aİ-nin Ermənistandakı missiyası, onun bütün komponentləri: bölmələr, qərargahlar və şəxsi heyət daxil olmaqla, Ermənistanın səlahiyyətli orqanları tərəfindən gömrük və vergi məsələlərində diplomatik statusa malik nümayəndəlik kimi baxılacaq.

Saziş, həmçinin Aİ-nin Ermənistandakı missiyasının fəaliyyətinin təmin edilməsinə yönəlmiş müvafiq orqanların funksiyalarını, sərhədi keçmə və Ermənistan ərazisində hərəkət prosedurlarını, missiyaya verilən imtiyaz və immunitetləri, habelə hüquqi yurisdiksiyanı, təhlükəsizliyini və informasiyaya çıxışla bağlı digər məsələləri müəyyən edir, agentliyin məlumatında deyilir.

Azərbaycan Ermənistan parlamentinin qərarına hələ münasibət bildirməyib. Bununla yanaşı, missiyanın Ermənistana gəlməsi Azərbaycan tərəfindən qəbul olunmayıb və bir qayda olaraq rəsmi Bakı tərəfindən tənqidə məruz qalıb.

Bu il fevralın 12-də Avropa İttifaqının (Aİ) Azərbaycandakı səfiri Peter Mixalko Xarici İşlər Nazirliyinə çağırılaraq, ona "Aİ-nin Ermənistandakı Monitorinq Missiyasının əldə olunmuş ilkin razılıqlara zidd olan fəaliyyətinin ciddi narahatlıq doğurduğu" bildirilib.

Xarici İşlər Nazirliyi bildirib ki, sözügedən missiyanın regional sabitlik, habelə Azərbaycanla Ermənistan arasında etimad quruculuğuna töhfə vermək kimi bəyan edilmiş məqsədlərinə zidd olaraq, Azərbaycan əleyhinə təbliğat vasitəsi kimi geniş şəkildə sui-istifadə olunduğu qeyd edilib.

Rusiya Ermənistan parlamentinin Avropa İttifaqının Ermənistandakı missiyasının (EUM) statusu haqqında sazişi ratifikasiya etməsinə dərhal münasibət bildirib.

Kremlin mətbuat katibi Dmitri Peskov bu gün, martın 20-də brifinqdə deyib ki, Ermənistan Azərbaycanın rəyini nəzərə almadan birtərəfli qaydada Avropa İttifaqının müşahidə missiyasını dəvət edib.

Onun fikrincə bu, Ermənistanın effektivliyinə şübhə yarada bilər.

"Məsələ müşahidənin predmetinin nədən ibarət olması və bu missiyanın Azərbaycan tərəfindən tanınıb-tanınmamasıdır. Mən şübhə edirəm ki, orada belə bir mandat anlayışla qarşılanacaq. Bu, Yerevanın birtərəfli qərarıdır. Belə bir missiyanın potensial effektivliyini şübhə altına almağa dəyər”, Dmitri Peskov qeyd edib.

2022-ci il oktyabrın 17-də Avropa İttifaqı Şurası regionda vəziyyətin monitorinqi, təhlili və hesabat üçün Azərbaycanla beynəlxalq sərhədin Ermənistan tərəfi boyunca monitorinq üzrə ekspertin göndərilməsi barədə qərar qəbul edib. Aİ-nin Ermənistandakı monitorinq missiyası 2023-cü il yanvarın 23-də fəaliyyətə başlayıb. Missiyanın sayı ilkin olaraq 100 nəfər idi. Həmin il dekabrın 11-də onların sayının 209 nəfərə çatdırılması qərara alınıb.