Azərbaycanlı fəallar bir aydan çoxdur ki, Evin həbsxanasında qeyri-müəyyən müddətə saxlanılır.
Bölgədəki hüquq müdafiəçilərinin sosial mediada yayımladığı məlumata görə, azərbaycanlı fəallar Kərəm Mərdanə, Tahir Nəqəvi, Kamal Nuri, Əbdül Əziz Əzimi Qədim, Abdullah Vahidi, Bağır Hacızadə və Səid Camalzadə Evin həbsxanasında 40 günə yaxındır ki, qeyri-müəyyən müddətə həbsdə saxlanılır.
Fevralın ilk həftəsində Tehran, Kərəc, Təbriz və Astara şəhərlərində təhlükəsizlik qüvvələri tərəfindən həbs edilən bu türk fəallara qarşı irəli sürülən ittihamlar müəyyən edilmədən bir aydan çox vaxt keçməsinə baxmayaraq, hələ də Evin həbsxanasında saxlanılır.
Bu fəallar Kəşfiyyat Nazirliyinin istintaq təcridxanası kimi tanınan Evin həbsxanasının 209-cu bölməsində saxlanılır.
Yayımlanan məlumata görə, təcridxanada dindirilən siyasi məhbuslara qarşı işgəncə tətbiq edilib. Bu isə məhbusların ailələri arasında narahatlığa səbəb olub.
Bu türk fəallara qarşı irəli sürülən ittihamlar hələ də məlum deyil və onların müvəqqəti azadlığa buraxılma şərtləri müəyyən edilməyib.
Milli fəallar həbsdə olduqları müddətdə vəkil tutmaq hüququndan, həmçinin ailələri ilə görüşmək imkanlarından məhrum ediliblər.
Fevralın 5, 6 və 7-də milli fəallar Səid Minayi, Mürtəza Pərvin, Ayaz Seyfxah, Səid Camalzadə, Bağır Hacızadə, Araz Əman, Salar Tahir Əfşar, Vədud Əsədi, Abdullah Vahidi, Kəmal Nuri, Əbdüləziz Əzimi Qədim, Tahir Nəqəvi, Aydın Məhəmmədi, Kərəm Mərdanə və Səid Dustan nəzarət altına alınıblar.
Həbs edilmiş fəallardan indiyə qədər Salar Tahir Əfşar, Aydın Məhəmmədi, Səid Dustan, Səid Minayi və Vədud Əsədi müvəqqəti olaraq girov müqabilində azadlığa buraxılıb.