Güneyli fəal və sənətçi Peyman İbrahiminin apellyasiya məhkəmə iclası martın 17-də Təbriz Ümumi və İnqilab Məhkəməsində keçiriləcək.
Sosial mediada yayılan xəbərlərə görə, Təbrizdə yaşayan azərbaycanlı milli fəal və sənətçi öz Instagram hesabında məhkəməyə çağırıldığını və apellyasiya məhkəməsində iştirak edəcəyini bildirib.
Peyman İbrahimi ötən ilin dekabrında Təbriz İnqilab Məhkəməsinin 1 saylı şöbəsi tərəfindən "sistemə qarşı təbliğat fəaliyyəti göstərmək" ittihamı ilə 7 ay 16 gün, "rəhbəri təhqir etmək" ittihamı ilə isə 15 ay 1 gün həbs cəzasına məhkum edilib.
Güneyli fəala cəmi 22 ay 17 gün həbs cəzası hökmü çıxaran məhkəmənin hakimi Rəhim Həmlbər olub.
Milli fəal ilkin məhkəmənin ona qarşı verdiyi həbs cəzası ilə bağlı apellyasiya məhkəməsinə şikayət edib.
İbrahimi, keçən il avqustun 26-da çox sayda təhlükəsizlik qüvvələri tərəfindən həbs edilərək 61 gün nəzarətdə saxlanılmışdı. Milli fəal iki aya yaxın Təbriz Kəşfiyyat İdarəsinin təcridxanasında təhlükəsizlik qüvvələri tərəfindən dindirilib və daha sonra Təbriz həbsxanasına köçürülmüşdü.
Ənənəvi Azərbaycan rəqsi müəllimi olan İbrahimi oktyabrın 25-də Təbriz Mərkəzi Həbsxanasından 300 milyon tümənlik girov müqabilində müvəqqəti olaraq sərbəst buraxılıb.
Dindirilmə müddətində o, vəkildən məhrum edilib və ailəsi ilə əlaqə saxlamasına imkan verilməyib.