Məhkəmə tərəfindən milli fəal Vədud Əsədinin müvəqqəti olaraq sərbəst buraxılması üçün qəbul etdiyi mülki zəmanət məbləğinin yüksək olması nəticəsində ailə bu girovun təmin edilməsində problemlərlə üzləşib.
Amerikanın Səsinin bölgədəki hüquq müdafiəçilərindən əldə etdiyi məlumata görə, milli fəal Vədud Əsədinin işinə baxan hakim, onun müvəqqəti azadlığa buraxılması üçün 800 milyon tümənlik girov qoyulmasına qərar verib.
Fəalın ailəsi və yaxınlarının onun zaminə buraxılması üçün girov məbləğinin təmin etmək cəhdləri indiyədək nəticəsiz qalıb və bu siyasi məhbus Evin həbsxanasında hələ ki, qeyri müəyyən şəkildə saxlanılır.
Gilan vilayətinin Rəşt şəhərində yaşayan bu türk fəal fevralın 6-da təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib və sonra Tehranın Evin həbsxanasının təcridxanasına köçürülüb. Təhlükəsizlik qüvvələri onu bir neçə həftədir ki, bu həbsxananın təcridxanasında dindirir.
SEE ALSO: İranda ən azı 5 azərbaycanlı fəalın həbs edildiyi bildirilirVədud Əsədinin həbsi ilə eyni vaxtda İranın müxtəlif şəhərlərində bir sıra türk fəalları həbs edilərək Evin həbsxanasına köçürülüb. Fevral ayının 5, 6 və 7-də İran Azərbaycanı, eləcə də Gilan, Əlburz və Tehran vilayətlərində bir çox türk fəal həbs edilib.
Həmin üç gün ərzində milli fəallar Səid Minayi, Mürtəza Pərvin, Ayaz Seyfxah, Səid Camalzadə, Bağır Hacızadə, Araz Əman, Salar Tahir Əfşar, Vədud Əsədi, Abdullah Vahidi, Kəmal Nuri, Əbdüləziz Əzimi Qədim, Tahir Nəqəvi, Aydın Məhəmmədi, Kərəm Mərdanə və Səid Dustan nəzarət altına alınıblar.
Aydın Məhəmmədi və Səid Dustan son günlər Evin həbsxanasından 800 və 300 milyon tümənlik girov müqabilində müvəqqəti olaraq azadlığa buraxılıblar. Bundan əvvəl isə Salar Tahir Əfşar fevralın 28-də 800 milyon tümən girov müqabilində həbsxanadan müvəqqəti olaraq azad edilmişdi. Sərbəst buraxılan azərbaycanlı fəalların qalanı hələ də həbsdə saxlanılır.
Hüquq müdafiəçiləri vasitəsilə sosial şəbəkələrdə yayılan bəzi məlumatlara görə, həbsdə olan azərbaycanlı fəallar dindirilərkən işgəncələrə məruz qalıb.