Beynəlxalq Mətbuat İnstitutu (International Press Institute) jurnalist Əvəz Zeynallının “qondarma ittihamlarla” 9 il həbs cəzasına məhkum edilməsini pisləyib.
“Xural” internet televiziyasının rəhbəri Əvəz Zeynallı fevralın 26-da Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən Cinayət Məcəlləsinin 311-ci - rüşvət alma və 312-1.1-ci - vəzifəli şəxsin qərarına qanunsuz təsir (nüfuz alveri) maddələri üzrə təqsirli bilinərək 9 il həbs cəzasına məhkum edilib.
2022-ci ilin sentyabrından həbsdə olan jurnalist ittihamları rədd edərək onların siyasi motivli olduğunu bildirib. Məhkəmə prosesində prokurorların heç bir etibarlı sübut təqdim etmədiyini və ittiham tərəfinin şahidlərinin əksəriyyətini tanımadığını qeyd edən Əvəz Zeynallı həbsini jurnalist fəaliyyəti ilə əlaqələndirib.
“BMİ Əvəz Zeynallının qondarma hədə-qorxu yolu ilə pul tələb etmə ittihamı üzrə verilən həbs müddətini qətiyyətlə pisləyir”, Beynəlxalq Mətbuat İnstitutunun direktor müavini Skott Qriffen deyib.
“Biz Zeynallının həbsinin Azərbaycanda hakimiyyətin əsassız ittihamlarla tənqidi jurnalistlərdən qisas alması ilə bağlı daha geniş nümunəni əks etdirməsindən çox narahatıq. Azərbaycan hakimiyyətini Zeynallını dərhal azad etməyə və müstəqil mediaya qarşı təzyiqləri dayandırmağa çağırırıq”, bəyanatda qeyd edilir.
Fevralın 26-da Əvəz Zeynallı ilə yanaşı “Səda” internet televiziyasının rəhbəri Elnur Şükürov da həbs cəzasına məhkum edilib. Şükürov 12-1.1-ci - vəzifəli şəxsin qərarına qanunsuz təsir (nüfuz alveri) maddəsi üzrə təqsirli bilinərək 4 il azadlıqdan məhrum edilib.
Bugünədək bir sıra beynəlxalq qurumlar, o cümlədən Jurnalistləri Müdafiə Komitəsi (CPJ) və Avropa Şurasının İnsan Haqları üzrə Kommissarı Dunya Miyatoviç Əvəz Zeynallının dərhal azadlığa buraxılmasına çağırıb.