Fevralın 23-də Bakı Ağır Cinayətlər Məhkəməsində "Xural" Media Qrupunun rəhbəri Əvəz Zeynallı və "Səda TV"nin əməkdaşı Elnur Şükürovun işi üzrə prosesdə təqsirləndirilən şəxslər son sözlə çıxış ediblər.
Elnur Şükürov ona qarşı irəli sürülən ittihamların əsassız olduğunu bildirib və məhkəmədən ona bəraət verilməsini xahiş edib.
Daha sonra Əvəz Zeynallı son sözü ilə çıxış edərək işin saxtalaşdırıldığını və ittihamın əsassız olduğunu bildirib.
Növbəti məhkəmə prosesi fevralın 26-da Əvəz Zeynallının çıxışı ilə davam edəcək.
Dövlət ittihamçısı məhkəmədən Əvəz Zeynallının Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) və 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir (nüfuz alveri) maddələrilə təqsirli bilinməsini və 10 il həbs cəzasına məhkum edilməsini istəyib.
Eyni zamanda, prokuror Cinayət Məcəlləsinin 312-ci (rüşvətə təhrik) maddəsini Zeynallının üzərindən götürüb. Prokuror Elnur Şükürovun 312-1.1 maddə ilə beş il həbs cəzasına məhkum olunmasını təklif edib.
"Xural" Media Qrupunun rəhbəri Əvəz Zeynallı ötən il sentyabrın 9-dan, "Səda TV"nin rəhbəri Elnur Şükürov isə sentyabrın 13-dən həbsdədir.
Onlar rüşvətxorluqda, dələduzluqda, vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərməkdə və digər əməllərdə ittiham olunur.
Jurnalistlər ittihamları qəbul etmir və özlərini təqsirkar bilmir. Zeynallı məhkəmədə bildirib ki, o, sifarişlə həbs edilib və məqsəd onu susdurmaqdır.
Bir çox beynəlxalq qurumlar, o cümlədən Jurnalistləri Müdafiə Komitəsi (CPJ) və Avropa Şurasının İnsan Haqları üzrə Kommissarı Zeynallının dərhal azadlığa buraxılmasına çağırıb.
Forum