Siyasi məhbus Hamid Qaraoğlani Urmiyə həbsxanasından məzuniyyətə göndərilib

Hamid Qaraoğlani (Foto: Ölkə Tələbələri Sinfi Şuraları Telegram kanalı)

Fevralın 5-də siyasi məhbus Hamid Qaraoğlani Urmiyə Mərkəzi Həbsxanasından məzuniyyətə göndərilib.

İnsan haqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyinin məlumatına görə, Qaraoğlani 3 milyard tümən girov müqabilində 10 günlük məzuniyyətə göndərilib.

Qaraoğlani Qərbi Azərbaycan vilayətinin mərkəzi olan Urmiyə şəhərinin həbsxanasında 13 illik həbs cəzasını çəkir.

Tehranın Şəhid Beheşti Universitetinin kompüter arxitekturası ixtisası tələbəsi olan Qaraoğlani 2020-ci ildə Kəşfiyyat Nazirliyinin təhlükəsizlik qüvvələri tərəfindən Urmiyədə həbs edilib, daha sonra Urmiyə İnqilab Məhkəməsinin 2 saylı şöbəsində Xalqın Mücahidləri qruplaşmasında üzv olmaq ittihamından günahkar tanınaraq, 13 il müddətinə azadlıqdan məhrum edilib.

O, həmçinin "ali dini lideri təhqir etmək" ittihamı ilə 13 ay həbs cəzasına və ümumilikdə 14 il 1 ay həbs cəzasına məhkum edilib.

İranın cinayət qanunlarına əsasən, ona qarşı irəli sürülən ittihamlardan məhkəmə tərəfindən məhkum olduğu ən ağır cəzanı yəni 13 il həbs cəzasını çəkir.

Hamid Qaraoğlani və ailəsi onun silahlı Xalqın Mücahidləri təşkilatında üzvlük ittihamının doğru olmadığını və Urmiyə Kəşfiyyat İdarəsində dindirilərkən ondan təzyiq altında etiraf alındığını bildiriblər.