Fevral ayında İranda həbs edilən çox sayda milli fəallardan biri olan Səid Camalzadə Tehrandakı Evin həbsxanasına köçürüldüyü barədə xəbər yayılıb.
Bu barədə AZOH Telegram kanalı məlumat yayıb.
Həmin xəbərə əsasən, Səid Camalzadə Təbrizdə həbs olunduqdan sonra Evin həbsxanasına köçürülüb və təcridxanada (karser) saxlanıldığı bildirilib.
Fevralın ilk həftəsində saxlanılan bir neçə milli fəal müxtəlif şəhərlərdə həbs olunduqdan sonra Tehranın Evin həbsxanasına köçürülüb.
Təbrizdə yaşayan türk fəal Səid Camalzadə çərşənbə axşamı, fevralın 6-da gecə saat 2-də təhlükəsizlik qüvvələri tərəfindən atasının evində həbs edilib.
Bölgədəki hüquq müdafiəçilərinin yaydığı məlumatlara görə, təhlükəsizlik qüvvələri onu həbs etdikdən sonra atasının evində reyd keçirib və fəalın şəxsi əşyalarını müsadirə ediblər.
Yayımlanan xəbərlədə bildirilib ki, Vədud Əsədi, Mürtəza Pərvin və Əbdüləziz Əzimi Qədim də daxil olmaqla bir neçə fəal ailələri ilə telefon əlaqəsi saxlayıb və Tehrandakı Evin həbsxanasına köçürülmələri barədə məlumat veriblər.
Fevral ayının 5, 6 və 7-də İran Azərbaycanı, eləcə də Gilan, Əlburz və Tehran vilayətlərində bir çox türk fəal, o cümlədən Ayaz Seyfxah, Bağır Hacızadə, Səid Minayi, Araz Əman, Əbdüləziz Əzimi Qədim, Vədud Əsədi, Salar Tahir Əfşar, Aydın Məhəmmədi, Mürtəza Pərvin, Abdullah Vahidi, Kəmal Nuri, və Tahir Nəqəvi nəzarət altına alınıb.
Bu fəalların həbsinin səbəbi və onlara qarşı irəli sürülən ittihamlar barədə ətraflı məlumat yoxdur.