Avropa Parlamenti fevralın 27-də Avropa İttifaqı büdcəsi daxilində Ukraynaya 50 milyard avroluq maliyyə fondunun ayrılmasını təsdiqləyib.
2024-2027-ci illər üçün nəzərdə tutulan 50 milyard avroluq fondun 33 milyardı kredit, 17 milyardı isə qrantlar şəklində ayrılacaq. “Ukrayna fondu” Ukraynaya müharibənin sosial, iqtisadi və ekoloji nəticələrini aradan qaldırmaq, ölkənin bərpası və yenidən qurulması, habelə Aİ-yə üzvlük yolunda zəruri islahatların həyata keçirilməsinə yardım etmək məqsədi daşıyır. Ukrayna hökuməti bu istiqamətdə “Ukrayna planı” şərti adı altında islahatlar və tədbirlər paketi hazırlayıb təqdim etməlidir.
Sənəddə həmçinin Ukraynanın müharibədən gördüyü zərərlərin qarşılanması üçün Rusiyanın dondurulmuş aktivlərindən istifadə edilə biləcəyi vurğulanır.
Strasburqda keçirilən plenar iclasda 536 deputat təşəbbüsün lehinə, 40 deputat isə əleyhinə səs verib. 39 parlamentar bitərəf qalıb.
Aİ büdcəsi daxilində “Ukrayna Fondu”nun yaradılması təşəbbüsünü 2023-cü ilin iyununda Avropa Komissiyası irəli sürüb. Avropalı liderlərin maliyyə fondunu dekabr ayında baş tutan sammitdə təsdiqləməsi gözlənilsə də, Macarıstan buna veto qoymuşdu. Macarıstan bunu Ukraynanın İttifaqın üzvü olmaması ilə əlaqələndirmişdi.
Nəhayət fevralın 1-də Brüsseldə xüsusi sammitdə bir araya gələn avropalı dövlət və hökumət başçıları 50 milyardlıq yardım paketinin ayrılması barədə razılığa gələ biliblər.
Fevralın 24-də Rusiyanın Ukraynaya qarşı müharibəsinin ikinci ildönümündə Kyivə səfər edən Avropa Komissiyasının prezidenti Ursula von der Leyen “Ukrayna fondu” çərçivəsində ilk ödənişin mart ayında ediləcəyini bildirib.
“4,5 milyard avroluq ilk ödəniş mart ayında gələcək. Növbəti dörd il ərzində sabit dəstəyə davam edəcəyik. Bu, islahat və investisiya yol xəritənizi, Ukrayna Planını dəstəkləyəcək”, Avropa Komissiyasının prezidenti qeyd edib.