Avropa İttifaqı liderləri cümə axşamı Ukraynaya 50 milyard avroluq yardım paketini təsdiqləyib. “Biz razılığa gəldik. Birlik”, Aİ Şurasının prezidenti Şarl Mişel qərarı elan edib.
“27 liderin hamısı Aİ büdcəsi çərçivəsində Ukraynaya əlavə 50 milyard avro dəstək paketi barədə razılığa gəlib. Bu, Ukraynaya davamlı, uzunmüddətli, proqnozlaşdırıla bilən maliyyəni təmin edəcək. Aİ Ukraynaya dəstək üçün liderlik və məsuliyyəti öz üzərinə götürür. Biz təhlükənin nə olduğunu bilirik”, Şarl Mişel X səhifəsində yazıb.
Avropa İttifaqının Ukraynaya növbəti 4 il üçün nəzərdə tutduğu 50 milyardlıq yardım paketi İttifaqın dekabr ayında baş tutan sammitində təsdiqlənməli olsa da, Macarıstan buna veto qoymuşdu. Macarıstanın baş naziri Viktor Orban Ukraynanın İttifaqa üzv olmamasını əsas gətirərək yardım paketinin Aİ büdcəsindən gəlməsinə qarşı idi.
Həftələrdir davam edən danışıqlardan sonra Avropa İttifaqı liderləri bu gün devralın 1-də Brüsseldə baş tutan xüsusi sammitdə yardım paketinin təsdiqlənməsi ilə bağlı yekdil qərara gələ bilib.
Ukrayna prezidenti Volodimir Zelenski yardım paketinin təsdiqlənməsi ilə əlaqədar Şarl Mişel və Aİ liderlərinə təşəkkürü bildirib.
“Qərarın 27 liderin hamısı tərəfindən qəbul edilməsi çox vacibdir ki, bu da Aİ-nin möhkəm birliyini bir daha sübut edir. Aİ-nin Ukraynaya davamlı maliyyə dəstəyi uzunmüddətli iqtisadi və maliyyə sabitliyini gücləndirəcək ki, bu da hərbi yardım və Rusiyaya sanksiya təzyiqindən az əhəmiyyət kəsb etmir”, Zelenski X səhifəsində yazıb.
Ukraynanın xarici işlər naziri Dmitri Kuleba deyib ki, cümə axşamı təsdiqlənmiş yardım “iddia edilən “yorğunluq” və ya “azalmış dəstək” iddialarının əksini göstərir.
“Bu, həm də [Rusiya Prezidenti Vladimir] Putinin Ukraynanın və dünyanın qətiyyətini üstələmək ümidlərinin puç olduğunun bariz göstəricisidir” - deyə, Kuleba bildirib.
Forum