Accessibility links

Co Bayden çərşənbə axşamı Ağ Evdə Konqresin aparıcı dörd lideri ilə görüşəcək


Ağ Ev rəsmisinin dediyinə görə, prezident Co Bayden çərşənbə axşamı Ağ Evdə Konqresin ən aparıcı dörd liderini bir araya gətirərək, qanunvericilərə Ukrayna və İsrailə təcili yardım paketinin qəbulu, eləcə də hökumətin gələn ay gözlənilən bağlanmasının qarşısını almaq üçün təzyiq göstərəcək.

Dörd liderə Respublikaçılar-Nümayəndələr Palatasının spikeri Mayk Conson, Senatda Demokrat əksəriyyətin lideri Çak Şumer, Nümayəndələr Palatasında azlıqların Demokrat lideri Hakim Cefris və Senatda azlıqda olan Respublikaçıların lideri Mitc Makkonnell daxildir.

“Görüş zamanı prezident ikitərəfli dəstəyi olan yardım paketinin qəbul edilməsinin "təcililiyi" və federal hökumətin sentyabrın sonuna qədər fəaliyyətini davam etdirməsi üçün qanunvericiliyi müzakirə edəcək”, adının açıqlanmasını istəməyən Ağ Ev rəsmisi bildirib.

Respublikaçıların rəhbərlik etdiyi Nümayəndələr Palatasına Ukrayna, İsrail və Hind-Sakit Okean regionuna yardımı gücləndirən 95 milyard dollarlıq milli təhlükəsizlik paketini qəbul etmək üçün təzyiq göstərilir. Bu qanun Senatda bu ayın əvvəlində 70-29 səslə təsdiqlənib, lakin Conson yardımla bağlı qanun layihəsinin Nümayəndələr Palatasında səsverməyə çıxarmasına müqavimət göstərir.

“Bu, bir insanın tarixin gedişatını əydiyi hallardan biridir. Spiker Conson əgər bu qanun layihəsini müzakirəyə çıxarsa, Ukraynaya yardımın lehinə güclü, ikitərəfli səs çoxluğu əldə edəcək,” Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bazar günü ABC tele kanalının “Bu həftə” verilişində deyib.

Sallivan vurğulayıb ki, ukraynalıların Rusiya qüvvələrinin qarşısını almaq üçün silah və sursata ehtiyacı var və spikerlə şəxsi söhbətlərində o, “Ukrayna üçün maliyyənin təsdiq edilməsini istədiyini bildirib”.

Milli təhlükəsizlik paketindən ayrı olaraq hökumətin maliyyələşdirilməsinin ilk tranşının müddəti cümə günü başa çatmalıdır.

Pentaqon, Daxili Təhlükəsizlik Nazirliyi və Dövlət Departamenti kimi qurumlar da daxil olmaqla, federal hökumətin maliyyə planı martın 8-də başa çatır.

Bazar günü həmkarlarına göndərdiyi məktubda Şumer maliyyə müddəti bu həftə başa çatan agentliklərin qismən bağlanmasının qarşısını almaq üçün hələ razılaşma olmadığını bildirib.

Buraya Nəqliyyat, Mənzil və Şəhərsalma, Kənd Təsərrüfatı və Veteranlarla İş Departamentləri daxildir.

"Biz bu həftə sonu üzvlərə mətni nəzərdən keçirmək üçün kifayət qədər vaxt verəcək qanunvericiliyin hazır olacağına ümid etsək də, indi aydındır ki, Nümayəndələr Palatasında Respublikaçıların daha çox vaxta ehtiyacları var" - deyə, Şumer məktubda yazıb.

Senatın əksəriyyətin lideri Consonu hökuməti açıq saxlamaq üçün maliyyələşdirməyə yaşıl işıq yolu ilə "yenidən addım atmağa, öz qrupundakı ekstremistləri cilovlamağa və düzgün iş görməyə" çağırıb.

Forum

XS
SM
MD
LG