Rusiya müxalifətinin lideri Aleksey Navalnının fevralın 15-də saxlanıldığı cəzaçəkmə müəssisəsində ölməsi Azərbaycanda tənqidi reaksiyalara səbəb olub.
"Korrupsiyaya qarşı Mübarizə Fondu"nun rəhbəri Aleksey Navalnı Vladimir Putinin ən kəskin tənqidçisi idi. O, müxtəlif ittihamlarla 19 il müddətinə azadlıqdan məhrum edilmişdi və cəzasını Arktikada, Moskvadan 1900 kilometr şimal-şərqdə, Yamalo-Nenets Muxtar Dairəsindəki Xarp yaşayış məntəqəsində “Qütb canavarı” adlandırılan IK-3 cəzaçəkmə müəssisəsində çəkirdi.
Əli Kərimli: Hər bir diktatura mahiyyətcə anti-bəşərdir
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli bildirib ki, öz hakimiyyətini qorumaq üçün "siyasi rəqiblərini öldürməyi belə gözə alan hər bir qəddar rejim iyrəncdir və hamı tərəfindən lənətlənməlidir".
“Navalnının öldürülməsi bütün dünyanı silkələməlidir. Yatmış vicdanlar ayılmalıdır. Bütün dünya başa düşməlidir ki, hər bir diktatura mahiyyətcə anti-bəşərdir. Dünya liderləri başa düşməlidir ki, diktaturalara, avtoritar rejimlərə tolerant, səbrli, dişsiz, tərəddüdlü münasibət həmin rejimlərin əzdiyi milyonlarla insana qarşı haqsızlıq və ədalətsizlikdir”, o qeyd edib.
Kərimli hesab edir ki, Putin rejim Navalnını əyə, sındıra, satın ala bilmədi.
“O ölsə də, mənən qalibdir. O öz ölümü ilə də Rusiyadakı rejimə sarsıdıcı zərbə vurdu. İnanıram ki, nə Rusiya xalqı, nə də beynəlxalq birlik bu cəsur, fədakar siyasətçinin qatili olan rejimi bağışlayacaq. Putin rejiminin süqutu sürətlənəcək”, o, Facebook səhifəsində qeyd edib.
Bəxtiyar Hacıyev: Rusiyadakı faciə və qətlin başqa avtoritar ölkələrdə təkrarlanmayacağına heç kim zəmanət verə bilməz
Hazırda həbsdə olan, hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınan Bəxtiyar Hacıyev həbsxanadan göndərdiyi müraciətdə bildirir ki, Aleksey Navalnının qəfil ölümü dünyanın hər tərəfində azadlıq, ədalət və demokratiya uğrunda mübarizə aparan səxslər kimi onu da dərindən sarsıdıb.
“Onun ailəsinə, yaxınlarına və komanda üzvlərinə başsağlığı verirəm. Eyni zamanda, Ursula van der Leyen (Avropa Komissiyasının sədri-red) kimi bəzi Qərb rəsmilərini həm avtoritar rejimlərlə mübarizə cəsarəti göstərən siyasi məhbusların azadlığının və təhlükəsizliyinin qorunmasına çağırış etməsi, həm də jurnalistlərin, hüquq müdafiəçilərinin, ictimai fəalların həbslərdə ağır şəraitdə saxlanmalarına səssiz qalaraq bu avtoritar rejimləri "etibarlı tərəfdaş" adlandırması ikiüzlülüyünə son verməyə çağırıram”, məktubda qeyd edilir.
Hacıyev bildirir ki, heç kim zəmanət verə bilməz ki, Rusiyadakı faciə və qətl başqa avtoritar ölkələrdə təkrarlanmayacaq.
“Navalnının ölümündə Kreml hərəkətlərinə görə məsuliyyət daşıdığı qədər Qərb liderləri də hərəkətsizliyinə görə mənəvi məsuliyyət daşıyır!” o qeyd edib.
Arif Hacılı: Navalnının ölümü Rusiyada siyasi vəziyyətə ciddi təsir göstərəcək
Müsavat Partiyasının başqanı Arif Hacılı hesab edir ki, Aleksey Navalnının həbsi Rusiyada siyasi vəziyyətə ciddi təsir edəcək.
“Qeyri-qanuni həbs edilmiş müxalifət liderinin prezident seçkiləri ərəfəsində həbsxanada, 27-ci dəfə salındığı cərimə təcridxanasında həlak olması Rusiyada siyasi vəziyyətə ciddi təsir göstərəcək”, o qeyd edib.
İlqar Məmmədov: Ölkənin Avropa Şurasından çıxarılması siyasi məhbusların ölməsi ehtimalının artmasıdır
Respublikaçı Alternativ (REAL) Partiyasının sədri İlqar Məmmədov hesab edir ki, Navalnı hadisəsi onu göstərir ki, bir ölkə Avropa Şurasından çıxırsa, onun ödədiyi qiymət siyasi məhbusların ölməsi ehtimalının artması olacaq.
“Vətəndaşlar bu qiyməti ödəməyə razıdırsa, demək razıdır, nə edəcəksən? Digər tərəfdən, Avropa Şurası heç də siyasətçilərin illərlə dəmir barmaqlıqlar arxasında sağ-salamat qalması üçün yox, həbsə ümumiyyətlə düşməməsi üçün yaradılmışdı. Bunu şurada çoxdandır unudublar.
Odur ki, Avropa Məhkəməsinin qərarları anındaca tam icra olunmalıdır. Yoxsa o qərarlar çox da etibarlı müdafiə sayılmayacaq”, Məmmədov Teleqram kanaılında yazıb.
Azər Qasımlı: Putin bu qədər resursla Navalnını sındıra bilmədi
Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlının fikrincə, Navalnı ölümünü qalib insanın ölümü kimi xarakterizə edib
“Navalnı qalib kimi bu dünyadan getdi. Putin bu qədər resursla, bu qədər güclə Navalnını sındıra bilmədi. Tarix onu diktatora qalib gələn şəxs kimi yaddaşlarda saxlayacaq!” o qeyd edib.
Anar Məmmədl: Boris Nemtsov və Aleksey Navalnının qatili eyni adamdır
Seçkilərin Monitoriqni və Demokratiyanın Tədrsim Mərkəzinin rəhbəri Anar Məmmədli hesab edir ki, Boris Nemtsov və Aleksey Navalnının qatili eyni adamdır.
“Onlar Rusiyada azadlıq və demokratik dəyişikliklər uğrunda canını fəda etmiş siyasi xadimlərdir. Bu insanların ölümünə biganə qalan Rusiya öz tarixinin ən rüsvayçı və rəzil dövrünü yaşayır. Belə cəsur insanlara sahib olub onların namərdcəsinə öldürülməsinə biganə qalmağın bir adı var - bədbəxtlik!” o qeyd edib.
Qulu Məhərrəmli: Rusiya tam şəkildə tarixə təslim olmağa hazırlaşır
Bakı Dövlər Universitetinin professoru Qulu Məhərrəmli yazır ki, dünya Rusiya müxalifətinin lideri Aleksey Navalnının həbsxanada “qəfil” ölümündən danışır.
“Bunun üçün Putinin məsuliyyət daşıdığını (C.Bayden), avtoritar rejimlərin insan həyatı ücün necə böyük təhlükə olduğunu (Olaf Şults) deyir. Boris Nemtsovdan sonra Navalnı müxalifəti dirçəltməyə çalışır, “məni öldürsələr təslim olmayın” deyirdi. Amma təkcə müxalifət yox, məncə, bütövlükdə Rusiya özü tam şəkildə tarixə təslim olmağa hazırlaşır”, o qeyd edib.