Accessibility links

Aleksey Navalnının ölüm xəbərinə beynəlxalq reaksiyalarda Kreml tənqid olunur


BMT-nin İnsan Haqları İdarəsi Rusiya hakimiyyətini "Navalnının ölümü ilə bağlı etibarlı araşdırma aparmağa" çağırıb.

"Rusiyanın müxalifət lideri Aleksey Navalnının həbsxanada ölməsi xəbəri bizi şoka salıb" təşkilatın bəyanatında deyilib.

"Əgər kimsə həbsdə ölürsə, bu, dövlətin məsuliyyət daşıması deməkdir. Bu məsuliyyət yalnız müstəqil qurum tərəfindən qərəzsiz, hərtərəfli və şəffaf araşdırma ilə aradan qaldırıla bilər" - deyə, BMT-nin İnsan Haqları İdarəsinin sözçüsü Liz Trossel bildirib.

Latviya prezidenti Edqar Rinkeviç Aleksey Navalnının ölümü ilə bağlı xəbərləri şərh edən ilk xarici lider olub.

Edqar Rinkeviç "Bir siyasətçi kimi Aleksey Navalnı haqqında nə düşünürsünüzsə düşünün, o, Kreml tərəfindən vəhşicəsinə öldürülüb. Bu bir faktdır və indiki Rusiya rejiminin əsl mahiyyəti bundan ibarətdir. Ailəsinə və yaxınlarına başsağlığı verirəm" deyib.

Münhendə illik Təhlükəsizlik Konfransında iştirak edən NATO-nun Baş katibi Yens Stoltenberq Aleksey Navalnının ölüm xəbərindən dərin təəssüf hissi keçirdiyini və kədərləndiyini bildirib.

Azadlıq radiosunun məlumatına görə, Britaniyanın baş naziri Rişi Sunak hadisəni böyük faciə adlandırıb. "Rusiya demokratiyasının ən qızğın müdafiəçisi kimi Aleksey Navalnı həyatı boyu inanılmaz cəsarət nümayiş etdirib" deyə, Sunak X sosial media hesabında yazıb.

Avropa İttifaqı Navalnının ölümündə Rusiyanı günahlandırıb. "Aleksey Navalnı azadlıq və demokratiya dəyərləri uğrunda mübarizə aparıb. O, idealları naminə son qurbanı olub. Avropa İttifaqı bu faciəli ölümə görə məsuliyyəti yalnız Rusiya rejiminin üzərinə qoyur" - deyə, Avropa Şurasının sədri Çarlz Mişel bildirib.

Ukrayna prezidenti Volodimir Zelenski Aleksey Navalnının həbsxanadakı ölümünü şərh edərkən bunun qətl ola biləcəyini ehtimal edib. Ukrayna liderinin sözlərinə görə, Navalnı Rusiya diktatoru tərəfindən işgəncələrə məruz qalaraq öldürülən minlərlə insanın taleyini təkrarlayıb.

Beynəlxalq Münhen konfransında çıxış edən Aleksey Navalnının həyat yoldaşı Yuliya Navalnaya bunları deyib:

"Bu gün gələn dəhşətli xəbəri yəqin ki, hamınız eşitdiniz. Uzun müddətdir düşündüm ki, buraya çıxım, yoxsa birbaşa uşaqlarımın yanına qayıdım. Amma sonra Alekseyin mənim yerimə nə edəcəyini düşündüm və əminəm ki, o burada qalardı. O, bu səhnədə olardı. Yalnız Rusiyadakı hökumət mənbələrindən aldığımız dəhşətli xəbərlərə inanıb-inanmayacağımı bilmirəm. Çünki uzun illərdir və hamınız bunu bilirsiniz, biz Putinə və Putin hökumətinə etibar edə bilmirik. Onlar həmişə yalan danışırlar".

Forum

XS
SM
MD
LG