Accessibility links

BMT Baş Katibi Aleksey Navalnının ölümünün araşdırılmasına çağırır


NYU YORK — Birləşmiş Millətlər Təşkilatının Baş Katibi Antonio Quterreş Rusiyada həbsdə olan müxalifət lideri Aleksey Navalnının ölümündən şok olduğunu bildirib. Quterreş ölümün səhih qaydada araşdırlmasına çağırıb

"Baş Katib cənab Navalnının ailəsinə başsağlığı verir və cənab Navalnının həbsdə ikən ölümünü tam, inandırıcı, və şəffaf araşdırmağa çağırır," BMT sözçüsü Stefan Dujarriç müxbirlərə deyib.

Rusiya Federal Penitensiar Xidmətinin açıqlamasında deyilir ki, 47 yaşlı Navalnı cümə günü gəzintidən sonra özünü pis hiss edib və huşunu itirib. Onu reabilitasiya etmək üçün təcili yardım gəlsə də, onu xilas etmək mümkün olmayıb.

Ekstremizmdə ittiham olunaraq, 19 illik həbs cəzası çəkən Navalnı dekabr ayında Rusiyanın mərkəzi hissəsindəki Vladimir vilayətindəki saxlandığı həbsxanasından “xüsusi rejimli” cəzaçəkmə müəssisəsinə - Rusiya həbsxanalarının ən yüksək təhlükəsizliyi ilə tanınan Şimal Dairəsinə köçürülüb.

ABŞ-ın BMT-dəki səfiri prezident Co Baydenin verdiyi bəyanata oxşar qaydada Navalnının ölümünə görə Rusiya hakimiyyətini günahlandırıb.

Səfir Linda Tomas-Qrinfild Rusiya hökumətinin öz opponentlərini durmadan təqib etdiyini diqqətə çəkib.

"Putinin bir müxalif səsdən qorxması bizi Navalnının həyatını şərəfləndirərək fikir ayrılığı, azadlıq və demokratiyanı qorumaq naminə səylərimizi ikiqat gücləndirməyə səsləyir."

Vaşinqtonda Rusiya səfirliyinin binası qarşısında insanlar Aleksey Navalnının xatirəsinə ehtiram əlaməti olaraq güllər gətiriblər. 16 fevral, 2024. Vaşinqton, ABŞ.
Vaşinqtonda Rusiya səfirliyinin binası qarşısında insanlar Aleksey Navalnının xatirəsinə ehtiram əlaməti olaraq güllər gətiriblər. 16 fevral, 2024. Vaşinqton, ABŞ.

ABŞ Prezidenti Co Bayden Rusiya müxalifətinin lideri Aleksey Navalnının ölümünə reaksiyasında baş verənlərə görə birbaşa Rusiya prezidenti Vladimir Putini günahlandırıb.

Ağ Evdəki Oval Ofisdən verdiyi açıqlamada Bayden Navalnını cəsarətinə görə alqışlayıb. Belə ki, müxalifət lideri Putinin sərt tənqidçisi olaraq zəhərləndikdən və xaricdə müalicə aldıqdan sonra Rusiyaya qayıtmağa qərar vermişdi.

"O, təhlükəsiz mühacirətdə yaşaya bilərdi," deyə Bayden 2020-ci ildə Navalnının zəhərlənməsini xatırladıb. "Əvəzində o, bilərək ki, həbs oluna və hətta öldürülə bilər, Rusiyaya qayıtmağa qərar verdi. O, bunu ona görə etdi ki, öz ölkəsinə dərindən inanırdı."

Navalnı 2021-ci ilin yanvar ayından, sinir maddəsi ilə zəhərlənmədən Almaniyada sağaldıqdan sonra Moskvaya qayıtdığı zaman hava limanında həbs olunmuşdu. O həbsindən əvvəl o, məmur korrupsiyasına qarşı kampaniya aparıb, Kremlə qarşı böyük etirazlar təşkil edib və dövlət vəzifəsinə namizəd olub.

O vaxtdan bəri Navalnıya üç ayrı cinayət işi açılmışdı. Siyasətçi bu ittihamların hamısının siyasi motivli olduğunu deyərək rədd edirdi.

Forum

XS
SM
MD
LG