Hüquq müdafiəçiləri siyasi fəal Aydın Məhəmmədinin 12 gün əvvəl Ərdəbildə İranın təhlükəsizlik qüvvələri tərəfindən nəzarət altına alındığına dair məlumat yayıblar.
İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyi və Ərk cəmiyyəti kimi mənbələrin cümə günü yaydığı məlumata əsasən, Məhəmmədi fevral ayının 5-də Ərdəbildə saxlanıldıqdan sonra Tehranın Evin həbsxanasına köçürülüb.
Azərbaycan İnsan Haqları Cəmiyyətinin (Ərk) bildirdiyinə görə, Kərəm adlı başqa bir fəal isə fevralın 6-da Ərdəbildə saxlanılıb. Ərk soyadı bəlli olmayan fəalın da Tehrana köçürüldüyü bildirilib.
Daha əvvəl feral ayının 5, 6 və 7-də İran Azərbaycanı, eləcə də Gilan, Əlburz və Tehran vilayətlərində bir çox türk fəal, o cümlədən Ayaz Seyfxah, Səid Camalzadə, Bağır Hacızadə, Araz Əman, Salar Tahir Afşar, Murtəza Pərvin, Vədud Əsədi, Səid Minayi, Abdullah Vahidi, Kəmal Nuri, Əbdüləziz Əzimi Qədim və Tahir Nəqəvinin nəzarət altına alındığı bildirilib.
SEE ALSO: İran Azərbaycanında saxlanılan bəzi fəallar Tehranın Evin həbsxanasına köçürülübSözügedən fəallardan bir neçəsi ailələrinə telefon edərək Evin həbsxanasına köçürüldüklərini söyləyiblər. Ancaq, Ərdəbildə həbs edilən milli fəal Murtəza Pərvinin valideynləri Evin həbsxanasına müraciət etsələr də, övladlarını görə bilməyiblər. Həbsxana məsullara ailəyə Murtəza Pərvinin oraya gətirilmədiyini deyiblər.
Araz News saytının cümə günü yaydığı məlumata görə, Evin həbsxanasına köçürülən fəallardan Əbdüləziz Əzimi Qədim aclıq aksiyasına başlayıb.
Fəalların hansı səbəb və ittihamlarla həbs olunduğu bəlli deyil.