"Birləşmiş Ştatlar Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun işini və həyata keçirdiyi seçki müşahidə missiyalarını tam dəstəkləyir. Müşahidəçilərin hərtərəfli, peşəkar və qərəzsiz qiymətləndirməsini dəyərləndirir, onların tövsiyələrini ciddi qəbul edirik".
Bu barədə ABŞ-ın ATƏT-dəki missiyasının fevralın 15-də yaydığı bəyanatında deyilir.
“DTİHB-nin seçki müşahidə missiyalarının məqsədi “seçkilərin əsas azadlıqlara nə dərəcədə hörmət etdiyini və bərabərlik, universallıq, siyasi plüralizm, etimad, şəffaflıq və hesabatlılıq ilə xarakterizə olunduğunu qiymətləndirməkdir. Bunlar bütün iştirakçı dövlətlərin nail olmaq üçün səy göstərməli olduğu məqsədlərdir”, bəyanatda qeyd edilir.
ABŞ-ın ATƏT-dəki missiyası ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) Azərbaycanda 7 fevral növbədənkənar prezident seçkisinin həqiqi rəqabət olmadan məhdudlaşdırıcı mühitdə keçməsi haqda müşahidə və narahatlığını paylaşdığını xatırladır.
"Azərbaycan konstitusiya və beynəlxalq öhdəliklərinə uyğun olaraq insan haqları, fundamental azadlıqlar və demokratik proseslərə öhdəliyini ifadə edib. Azərbaycanı bu öhdəlikləri və DTİHB-nin əvvəlki və qarşıdakı tövsiyələrini yerinə yetirməyə çağırırıq", missiyanın sədr müavini vəzifəsini icra edən Treysi Nyuellin (Tracey Newell) yaydığı bəyanatda deyilir.
Fevralın 8-də ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) Seçki Müşahidə Missiyasının (SMM) Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisi ilə bağlı ilkin müşahidələrində deyilir ki, fevralın 7-də növbədənkənar prezident seçkiləri məhdudlaşdırıcı mühitdə keçib.
“Seçkiyə hazırlıqlar səmərəli idarə edilsə də, tənqidi səslərin boğulması və siyasi alternativlərin olmaması ilə yadda qalıb”, sənəddə qeyd edilir.
Azərbaycanın hakimiyyət təmsilçiləri bu tövsiyələri obyektiv saymırlar. Onlar hesab edir ki, ölkədə ədalətli və şəffaf seçki keçirilib.
Seçkiləri boykot edən Azərbaycanın müxalifət partiyaları fevralın 7-də keçirilən növbədənkənar prezident seçkilərinin nəticələrini tanımadıqlarını bildiriblər. Partiya rəhbərləri hesab edir ki, bu seçkilər qeyri-bərabər və qeyri-demokratik şəraitdə keçib.
Konstitusiya Məhkəməsinin qərarı ilə Mərkəzi Seçki Komissiyasının yekun protokoluna əsasən, İlham Əliyev 92.12 faiz səslə prezident seçkilərində qalib gəlib.
Fevralın 14-də Azərbaycanın rəsmən yeni prezidenti seçildiyi açıqlanan İlham Əliyevin Milli Məclisdə andiçmə mərasimi keçirilib.