Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının sədri, iqtisadçı Qubad İbadoğlunun həbs müddəti daha üç ay uzadılıb.
Bu barədə Amerikanın Səsinə vəkil Fəxrəddin Mehdiyev bildirib.
Onun sözlərinə görə, qərarı fevralın 15-də Bakının Nərimanov Rayon Məhkəməsi verib.
Vəkilin sözlərinə görə, məhkəmə prosesinə Qubad İbadoğlu da gətirilib.
“Məhkəmədə Qubad bəy də çıxış etdi. Bildirdi ki, həbs qətimkan tədbirinin uzadılmasının heç bir maddi və hüquqi əsası mövcud deyil", o bildirib.
Müdafiə tərəfi bu qərarı əsassız hesab edir və ondan şikayət vermək niyyətindədir.
Eyni zamanda Bakının Nərimanov Rayon Məhkəməsində iqtisadçı alimin həbs olunan zaman telefonlarının qaytarılması ilə bağlı məhkəmə prosesi keçirilib.
Vəkil Zibeydə Sadıqovanın Amerikanın Səsinə verdiyi məlumata görə, telefonlar yeddi aya qədərdir ki, istintaq orqanındadır və hələ də qaytarılmayıb.
“Biz o telefonlarının qaytarılması, bu qədər müddətə qanunsuz olaraq saxlanılması, mülkiyyət hüququnun pozulması ilə bağlı məhkəməyə müraciət etdik”, o deyib.
Vəkilin sözlərinə görə, məhkəmədə də istintaq orqanı bu telefonları maddi sübut kimi iş materiallarına əlavə edilib.
“Ona görə də məhkəmə bizim şikayətimizi təmin etmədi”, Sadıqova əlavə edib.
Bu deyilənlərlə bağlı cinayət işini aparan istintaq orqanından şərh almaq mümkün olmayıb.
Eyni zamanda Britaniya parlamentinin deputatı Devid Kemeronu Qubad İbadoğlunu həbs edənlərə qarşı sanksiya tətbiq etməyə çağırıb. Marqaret Hoc Qubad İbadoğlunun işi ilə əlaqədar Böyük Britaniya Xarici İşlər Nazirliyinin rəhbəri Devid Kemerona müraciət edib.
«Mən Devid Kemerona yazaraq xahiş etdim ki, London İqtisadiyyat Məktəbinin professoru və korrupsiyaya qarşı mübarizə kampaniyasının iştirakçısı Qubad İbadoğlunun tibbi yardım alması üçün mümkün olan hər şeyi etsin. Korrupsiyanı ifşa edənləri qorumaq üçün əlimizdən gələni etməliyik", o, "X " hesabında yazıb.
O, məktubda Kemerona təklif edib ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizə aparan Qubad İbadoğlunu qanunsuz həbs edənlərə qarşı sanksiyalar tətbiq etsin.
Xatırlatma
İyulun 24-də Bakının Nərimanov Rayon Məhkəməsi Qubad İbadoğlu barədə həbs-qətimkan tədbiri seçib. Qubad İbadoğlu hazırda Azərbaycan Cinayət Məcəlləsinin 204.3.1 (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1 (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunur. İki ittiham üzrə onu 17 ilədək həbs gözləyir.
Azərbaycan Daxili İşlər Nazirliyi Qubad İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan, hazırda Amerikada yaşayan Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib.
Qubad İbadoğlu ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu qeyd edir. Bir sıra ölkələr və beynəlxalq təşkilatlar, o cümlədən ABŞ Dövlət Departamenti, ABŞ senatorları və konqresmenləri İbadoğlunun həbsdən azad edilməsi üçün çağırışlar edib.