Azərbaycanda qumbara partlayışında mülki şəxs xəsarət alıb

Qumbara

Azərbaycanda qumbara partlayışı nəticəsində mülki şəxs xəsarət alıb.

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) bildirir ki, fevralın 10-da Xocavənd rayonu Çartaz kəndi (Bakıdan 374 kilometr cənub-qərb) ərazisində arıçılıq təssərüfatında Samir Ələsgərov arı yeşiklərini yığarkən yerdən tapdığı əl qumbarasının partladıcısına müdaxilə edib. Bu zaman partlayış baş verib və Ələsgərov sağ əlindən xəsarət alıb, onun 3 barmağı amputasiya olunub.

Baş Prokurorluğun Mətbuat xidməti bildirir ki, Samir Ələsgərovun sağ əlindən xəsarət alması ilə bağlı Xocavənd rayon prokurorluğunda araşdırma aparılır.

ANAMA vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, tanımadıqları əşyalara toxunmamağa, təhlükə bildirən bütün əlamətlərə diqqətlə yanaşmağa çağırır.

Bundan öncə, yanvarın 4 və 5-də Tərtər rayonunda iki mülki şəxs mina partlaması nəticəsində xəsarətlər alıb. Hər iki şəxsin ayaqları ambutasiya edilib.

Azərbaycan Xarici İşlər Nazirliyi bildirir ki, 2020-ci ildə İkinci Qarabağ müharibəsinin başa çatmasından etibarən bu günədək 345 nəfər vətəndaş mina partlayışından zərər çəkib, onlardan 3 nəfər jurnalist daxil olmaqla 65 nəfər həlak olub. Həlak olan 65 nəfərdən 50 nəfəri mülki şəxsdir.