Fevralın 9-da Bakı Ağır Cinayətlər Məhkəməsində "Xural" Media Qrupunun rəhbəri Əvəz Zeynallı və "Səda TV"nin əməkdaşı Elnur Şükürovun işi üzrə prosesdə vəkillərin müdafiə çıxışı davam edib.
Vəkil Aqil Layıcın Amerikanın Səsinə verdiyi məlumata görə, bugünkü məhkəmə prosesində Elnur Şükürovun vəkili müdafiə çıxışında bəraət hökmünün çıxarılmasını istəyib.
Onun sözlərinə görə, məhkəmə prosesində Əvəz Zeynallının vəkili olaraq müdafiə çıxışı söyləyib.
“Hesab edirəm ki, Əvəz Zeynallıya qarşı olan ittihamlarda vəzifəli şəxs anlayışı özünü doğrultmur. O jurnalistdir. Jurnalist kommersiya qrumunun üzvü deyil və yaxud da hər hansı təşkilatın üzvü deyil. Ona görə də, Əvəz Zeynallını korrupsiya cinayətləri ilə təsnifatlandırılan vəzifəli şəxs cinayətləri koteqoriyasına bölünən əməllər onun üzərində təqsir kimi qoyula bilməz. Çıxışımızda bunu söylədik” o qeyd edib.
Vəkil hesab edir ki, Əvəz Zeynallıya korrupsiya cinayətlərinə görə, vəzifə cinayətlərinə görə qoyulan ittihamlar bərəatverici əsaslarla xitam verilməlidir.
Ötən məhkəmə prosesində vəkillər Əvəz Zeynallı və Elnur Şükürovun vəkili müdafiə çıxışında cinayət işinə xitam verilməsini xahiş etmişdir.
Növbəti məhkəmə prosesi fevralın 23-nə təyin edilib.
Dövlət ittihamçısı məhkəmədən Əvəz Zeynallının Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) və 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir (nüfuz alveri) maddələrilə təqsirli bilinməsini və 10 il həbs cəzasına məhkum edilməsini istəyib.
Eyni zamanda, prokuror Cinayət Məcəlləsinin 312-ci (rüşvətə təhrik) maddəsini Zeynallının üzərindən götürüb.
Prokuror Elnur Şükürovun 312-1.1 maddə ilə beş il həbs cəzasına məhkum olunmasını təklif edib.
"Xural" Media Qrupunun rəhbəri Əvəz Zeynallı ötən il sentyabrın 9-dan, "Səda TV"nin rəhbəri Elnur Şükürov isə sentyabrın 13-dən həbsdədir. Onlar rüşvətxorluqda, dələduzluqda, vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərməkdə və digər əməllərdə ittiham olunur.
Jurnalistlər ittihamları qəbul etmir və özlərini təqsirkar bilmir. Zeynallı məhkəmədə bildirib ki, o, sifarişlə həbs edilib və məqsəd onu susdurmaqdır.