Pakistanda ölkədə iqtisadi problemlər fonunda keçirilən parlament seçkiləri beynəlxalq ictmaiyyətin diqqət mərkəzindədir. Keçmiş baş nazir İmran Xanın partiyasına qarşı təzyiqlər fonunda seçkilərin ədalətli keçirilməsi bir çox müşahidəçilər tərəfindən şübhə altına alınır. Amerikanın Səsinin Cənubi və Mərkəzi Asiya bölməsinin direktoru Ayişə Tanzim Pakistanda paralement seçkilərindən gözləntilər haqda danışıb.
Amerikanın Səsi: Pakistanda iqtisadi problemlər və müxalifət partiyasına qarşı təzyiqlər fonunda parlament seçkiləri keçirilir. Bir sıra siyasi müşahidəçilər seçkilərin ölkəyə siyasi sabitlik gətirməyə biləcəyini bildirir. Eyni zamanda, səsvermənin ədalətli keçirilməsi ilə bağlı narahatlıqlar da var. Səsvermə prosesi və seçkilərlə bağlı problemlər barədə məlumat verə bilərsinizmi? Bu seçkilər haqqında nələri bilməliyik?
Ayişə Tanzim: Bildiyimiz ilk şey odur ki, bu seçkilərin ədalətli keçirilməsi ilə bağlı böyük sual işarələri var. Mən hazırda İslamabaddayam və bu səhərdən etibarən internet xidməti, xüsusən də mobil telefon xidməti dayandırılıb. Burada bir neçə məqamı qeyd etməliyik. Bütün əsas siyasi partiyalar bununla bağlı şikayət edir, çünki bütün namizədlərin indi hər bir partiyanın seçki məntəqələrində oturub səslərin düzgün hesablandığına əmin olduğunu izləyən seçki nümayəndələri ilə əlaqəsi kəsilib. Beləliklə, indi onlar seçki məntəqəsindəki nümayəndələri ilə əlaqə saxlaya bilmirlər. Bundan əlavə, Seçki Komissiyasının elan etdiyi kimi seçicilərin və ya namizədlərin seçki ilə, proseslə bağlı şikayətləri vermək üçün istifadə edə biləcəyi bütün şikayət mexanizmləri onların mobil telefonları, WhatsApp və ya email vasitəsilə həyata keçirilir. Beləliklə, mobil telefonunuzdan istifadə edə bilmirsinizsə, WhatsApp-dan da istifadə edə bilməzsiniz. Bu, bütün günü davam edib. Hətta Amerikanın Səsinin müxbirləri də seçki dairələrinə gedəndə, biz onları seçki məntəqlərinə göndərəndə onlar reportajlarını verə bilmək üçün ofisə qayıtmalı və ya internetə qoşula biləcəkləri ofis tapmalı olurdular. Beləliklə, bu seçkidə böyük sual işarələri var. Səsvermə öncəsi saxtakarlıqlarla bağlı suallar var və indi internet və ya mobil telefon xidmətinin mövcud olmaması faktı daha çox qırmızı bayraqlar qaldırır.
Amerikanın Səsi: Seçici fəallığı barədə nə söyləyə bilərsiniz? Səsvermədə çox sayda insan iştirak edirmi? Onları narahat edən əsas məsələlər hansılardır?
Ayişə Tanzim: Seçici fəallığı normal görünür. Çox sayda insan iştirak edir. Bu, bizim müxbirlərimizdən gələn məlumatlardır, hələlik rəsmi rəqəmlər yoxdur. Büromuzun yerlərdə olan müxbirləri çox sayda qadın və gəncin olduğunu deyirlər. Bəziləri seçici fəallığının ən azı əvvəlki seçkilərdə olduğu qədər yüksək olduğunu deyir, başqaları isə bundan daha yüksək ola biləcəyini bildirirlər.
Hazırda ən böyük narahatlıq isə küçədə danışdığınız hər bir pakistanlı və ya Amerikanın Səsi ilə danışan 18-24 yaşlarda gənc seçicilər arasında sorğuya görə, hazırda ən böyük narahatlıq doğuran məsələ inflyasiyadır. İnsanlar deyirlər ki, dolanmaq getdikcə daha da çətinləşir və bu, onların yeni hökumətdən həll etməsini istədikləri ilk şeydir.
Amerikanın Səsi: Pakistan ABŞ-ın strateji tərəfdaşıdır. Amerika qanunvericiləri ölkənin əhəmiyyətini vurğulayıblar. Seçkilərin nəticəsi barədə nə söyləmək mümkündür? Bu seçkilər Pakistan və ABŞ arasında münasibətlərə necə təsir göstərə bilər? İki ölkənin əməkdaşlıq etməli olduğu ən aktual məsələlər hansılardır?
Ayişə Tanzim: Şübhəsiz ki, bu regionda, xüsusən də Pakistanla əlaqədar olaraq, Pakistan qonşusu və ölkə ilə həmsərhəd olan Çinlə yaxın dostluq əlaqələri və Birləşmiş Ştatlarla dostluq münasibətləri və ya əlaqələri arasında həmişə bir balans yaratmalıdır. Hakimiyyətə gələn hər bir hökumət üçün ən vacib məsələ ABŞ-la daha yaxşı münasibətlərə malik olmaq olacaq, çünki Pakistan böyük problem içərisindədir və Beynəlxalq Valyuta Fondunun köməyinə ehtiyac duyur. Birləşmiş Ştatlar maliyyə təminatı baxımından Beynəlxalq Valyuta Fondunun ən böyük donor ölkələrindən biridir. Buna görə də Birləşmiş Ştatlarla həqiqətən yaxşı münasibətlərə malik olmadan bir çox pakistanlı siyasətçilər, keçmiş kabinet üzvləri, hətta keçmiş baş nazirlər Beynəlxalq Valyuta Fondundan yardım ala bilməyəcəklərini, buna ümidlərinin olmadığını deyirlər. Amma onlar həmçinin Çinlə də yaxşı münasibətlər qurmağın vacib olduğunu deyirlər.
Bundan əlavə, Pakistan daha bir böyük problemlə üz-üzədir. Pakistanda enerji böyük problemdir. İndi Pakistanda qışdır. İslamabad soyuq şəhərdir və elektrik enerjisi sisteminin artıq yüklənməsi problemi var, yəni işıqlar bəzən günün ortasında, bəzən də axşam sönür. İnsanlar qızdırıcıları, elektrik qızdırıcılarını söndürə bilmirlər. Onlar qaz qızdırıcılarından istifadə edirdilər, lakin indi qazla işləyən qızdırıcılar belə bəzən sönür. Ona görə də insanlar bəzən Rusiyaya üz tutmaq istəyirlər. Pakistanın Rusiyadan qaz idxal etməyə çalışdığı bir razılaşma var idi. ABŞ hərəkətə keçdi. Bu, Ukraynada müharibədən sonra baş verdi. Ona görə də təbii ki, Rusiyadan qaz idxalı çox həssas bir məsələ idi. Amma Pakistan rəsmiləri bizə bunun yeni bir xəbər olmadığını rəsmi şəkildə bildiriblər. Bu, Ukraynada müharibədən bəri davam edir. Onlar ABŞ-ın müəyyən etdiyi həddən aşağıda oduqlarını bildiriblər. Beləliklə də, Çinlə münasibətlər, Rusiya ilə münasibətlər kimi bir neçə böyük məsələ var. Bildiyiniz kimi, Çin Pakistanda “Bir kəmər, bir yol” təşəbbüsünün qolunu yaratmağa çalışır. Pakistanın indi Beynəlxalq Valyuta Fondundan asılılığı - bütün bunlar o deməkdir ki, hakimiyyətə gələn yeni hökumət real balans yaratmalı olacaq.
Amerikanın Səsi: Mən Pakistanın Azərbaycanla münasibətləri ilə bağlı da sual vermək istəyirəm. Pakistan və Azərbaycan arasında güclü ikitərəfli əlaqələr var, iki ölkə müxtəlif məsələlərdə əməkdaşlıq edir. Seçkilər Pakistanın regional roluna necə təsir edəcək? Azərbaycanda bu seçkilər fonunda Pakistanın regional rolu haqqında nələri bilməlidirlər?
Ayişə Tanzim: Bu, duruma görə dəyişir. Amma Azərbaycana gəldikdə, hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq, Pakistanın Azərbaycanla münasibətlərinin dəyişəcəyini düşünmürəm. Bu, pozitiv münasibətlərdir. Mən bunu ikitərəfli adlandırmaq istəməzdim, çünki Pakistanda birdən çox partiyanın hakimiyyətə gəldiyi parlament sistemidir. Amma hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq, düşünürəm ki, Azərbaycanla münasibətlər olduğu kimi qalacaq.
Digər regional güclərə, xüsusən də Pakistanın böyük qonşusu Hindistanla münasibətlərinə gəldikdə, keçmiş baş nazir Nəvaz Şərifin rəhbərlik etdiyi PML (Pakistan Müsəlman Liqası) partiyası Hindistanla çox yaxşı əlaqələrə malikdir. Hindistan isə Cənubi Asiyanın ən böyük oyunçularından biridir. Nəvaz Şərifin partiyası qalib gəlsə, bu münasibətlər yaxşılaşa bilər. Digər münasibətlərə gəlincə, Pakistanın indi Əfqanıstanla münasibətləri gərgindir, İranla da gərgin münasibətləri var. Hansı partiyanın hakimiyyətə gəlməsindən asılı olmayaraq, bu münasibətlərin dəyişəcəyini düşünmürəm.