ATƏT-in seçki müşahidə missiyası: Növbədənkənar prezident seçkiləri məhdudlaşdırıcı mühitdə keçib

ATƏT-in seçki müşahidə missiyası

Fevralın 8-də ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) Seçki Müşahidə Missiyası (SMM) Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisi ilə bağlı ilkin müşahidələrini açıqlayıb.

Bu gün keçirilən mətbuat konfrasında ATƏT-in qısamüddətli müşahidə missiyasının Xüsusi Əlaqələndiricisi və Rəhbəri Artur Gerasimov qeyd edib ki, fevralın 7-də növbədənkənar prezident seçkiləri məhdudlaşdırıcı mühitdə keçib.

“Seçkiyə hazırlıqlar səmərəli idarə edilsə də, tənqidi səslərin boğulması və siyasi alternativlərin olmaması ilə yadda qalıb”, o qeyd edib.

Onun sözlərinə görə bu, Azərbaycanın bütün beynəlxalq səviyyədə tanınmış ərazisində keçirilən ilk seçki idi.

ATƏT-in seçki müşahidə missiyasının mətbuat konfransı

Sənəd müəllifləri hesab edir ki, hazırkı prezidentin mövqeyi mənalı mübahisələndirilməyib, müstəqil media, vətəndaş cəmiyyəti və siyasi partiyalar üçün məkanın daralması ilə bərabər, ölkə rəhbərinin səlahiyyətlərinin artırılması həqiqi plüralizmdən məhrum olan rəqabətlə nəticələnib.

"Birləşmək, ifadə və sərbəst toplaşmaq kimi fundamental azadlıqlara uzun müddətdir qoyulmuş ciddi məhdudiyyətlər həm qanunda, həm də təcrübədə həqiqi demokratik seçkilər üçün standartlara ziddir", Artur Gerasimov əlavə edib.

ATƏT PA nümayəndə heyətinin rəhbəri Daniela De Ridder qeyd edib ki, qanunvericilik qadın və kişilərə, o cümlədən siyasi partiyalara bərabər münasibəti təmin etsə də, qadınların iştirakını təşviq etmək üçün heç bir xüsusi tədbirlər yoxdur, qadınlar ictimai və siyasi həyatın bütün aspektlərində kifayət qədər təmsil olunmur.

Onun sözlərinə görə, seçki günü müşahidəçilər səsvermənin gizliliyi məsələsində, bir neçə dəfə səsvermə faktları, bülletenlərin kütləvi şəkildə doldurulması və s. məsələsində ciddi çatışmazlıqları qeyd ediblər.

“Tənqidçi jurnalistlərin son həbslərini nəzərə almaqla, media ilə bağlı həddindən artıq məhdudlaşdırıcı hüquqi çərçivə kütləvi informasi vasitələri üçün əhəmiyyətli dərəcədə məhdudlaşdırılmış mühit yaradıb, müstəqil jurnalistikanın və tənqidi müzakirələrin əhatə dairəsini məhdudlaşdıran geniş özünüsenzura ilə nəticələnib”, Ridder qeyd edib.

ATƏT PA nümayəndə heyətinin rəhbəri Daniela De Ridder çıxışında seçici iştirakının yüksək olduğunu qeyd edib.

"Ölkə üçün vacib olan bu seçkidə namizədlərdən heç biri hazırkı prezidentə inandırıcı şəkildə etiraz etmədi və bəzi müxalifət partiyaları adekvat demokratik şəraitin olmadığını iddia edərək, ümumiyyətlə seçkidə iştirak etmədilər", deyə DTİHB missiyasının rəhbəri Eoqan Mörfi bildirib.

"Seçkiyə hazırlıq səmərəli və peşəkar olsa da, o cümlədən məntəqə komissarlarının təlimi, seçki günü mühüm təminatlara çox vaxt məhəl qoyulmur və biz gün ərzində əsaslı prosedur səhvləri müşahidə edirdik", qeyd edib.

Birgə missiyanın nümayəndələri mətbuat konfransında seçki komissiyalarının tərkibinin siyasi cəhətdən tarazılaşdırılmadığını və media, siyasi partiyaların, vətəndaş cəmiyyətinin hüquq və azadlıqlarının pozulduğunu təkrar edib.

"Bu, demokratik seçki standartlarına uyğun deyil", Mörfi bildirib.

Daha sonra yerli və beynəlxalq jurnalistlərin suallarını cavablandırıblar.

Amerikanın Səsinin suallarına cavabda missiya üzvləri məntəqələrdə səsvermə zamanı ciddi pozuntular olduğunu, o cümlədən müşahidəçilərin fəaliyyətinin məhdudlaşdırıldığını və yerli QHT-lərin monitorinqə buraxılmadığını təsdiq ediblər.

Azərbaycan hakimiyyəti tərəfindən missiya üzvlərinə təzyiq olub-olmadığı haqqında suala cavabda Artur Gerasimov bildirib ki, heç bir təzyiq olmayıb.

Öz növbəsində Rider qeyd edib ki, səsvermə və səslərin sayılması zamanı ciddi pozuntular qeydə alınıb.

"Qərbin Azərbaycanı tənqid etmək üçün müşahidəçilərə təzyiq göstərdiyi haqqında iddialar yalandır. Bütün müşahidə nəticələri obyektivdir", missiya üzvləri hökumətyönlü mətbuatın iddialarını şərh edərkən bildirib.

Bu yaxınlarda jurnalistlərin həbsini şərh edən Rider belə deyib: "Biz bu problemi qeyd edirik və sizin təkcə seçkilərdə deyil, normal dövrdə də hansı şəraitdə işlədiyinizi yaxşı bilirik".

Missiya üzvləri müşahidəçilərin özlərinin pozuntu görmədikləri, sosial şəbəkələrdəki videolara inandığı haqqında iddiaları təkzib ediblər.

"Biz özümüz bülletenlərin kütləvi şəkildə atılması, təkrar səsvermə qrupları və səslərin hesablanması zamanı pozuntular kimi ciddi pozuntuları qeydə almışıq", Mörfi bildirib.

Xatırlatma

MSK rəsmiləri seçkilərdə ciddi qanun pozuntularının olması ilə bağlı bu quruma şikayətlərin daxil omadığını bildirib.

İqtidarda olan Yeni Azərbaycan Partiyasının çoxsaylı rəsmilər ölkədə azad, ədalətli və demokratik seçkilər üçün qanunvericiliyin tələblərinə uyğun olaraq hər cür şəraitin yaradıldığını bəyan edib.

MSK-nın məlumatına əsasən, səslər digər namizədlər arasında aşağıdakı kimi bölünüb:

Zahid Oruc - 2.2 faiz

Fazil Mustafa - 1.99 faiz

Qüdrət Həsənquliyev - 1.78 faiz

Razi Nurullayev - 0.79 faiz

Elşad Musayev - 0.66 faiz

Fuad Əliyev - 0.48 faiz