Aİ-nin Azərbaycandakı nümayəndəsi İttifaqın Ermənistandakı missiyasına qarşı ittihamların əsassız olduğunu deyib

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko

Avropa İttifaqınının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Azərbaycan mediasında Aİ-nin Ermənistandakı mülki missiyasına (EUMA) qarşı səsləndirilən iddiaların əsassız olduğunu deyib.

“Təəssüf edirəm ki, son günlər Azərbaycanda bəzi medialar Aİ-nin Ermənistandakı missiyasına qarşı tamamilə əsassız iddialar dərc ediblər. Vurğulayım ki, EUMA mülki, silahsız bir missiyadır və onun mandatı müşahidə etməkdir”, Peter Mixalko X səhifəsində yazıb.


Azərbaycanda hökumətə yaxın media orqanlarında son aylarda dərc edilən yazılarda bir qayda olaraq Aİ-nin Ermənistandakı missiyası ilə bağlı narahatlıq ifadə edilir, Missiyanın bölgədə vəziyyəti gərginləşdirməyə xidmət etdiyi qeyd edilir.

Azərbaycanın xarici işlər Naziri Ceyhun Bayramov ötən ilin dekabrında baş tutan Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin görüşündə Aİ-nin Ermənistandakı missiyasından “Azərbaycan əleyhinə təbliğat vasitəsi kimi geniş şəkildə istifadə olunduğu”nu deyib.

Fevralın 3-də Ermənistan-Azərbaycan şərti sərhədində Çexiya vətəndaşının azərbaycanlı hərbçilər tərəfindən saxlanılmasından sonra Azərbaycan mətbuatında Aİ Missiyasının casusluq etməsi ilə bağlı iddialar səsləndirilir.

Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko həmçinin qeyd edib ki, Missiyanın mövcudluğu sabitlik və inamın yaradılmasına töhfə vermək məqsədi daşıyır.

“Aİ Azərbaycan və Ermənistan arasında sülh nizamlanmasına dəstək üçün səylərini davam etdirəcək”, Mixalko əlavə edib.