Son illərdə Azərbaycan üzərindən daşınan tranzit yüklərin həcmi 80 faizədək artıb.
Bu barədə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin hesabatında bildirilir.
Belə ki, 2023-cü ildə Azərbaycan dəmir yolları ilə 18 milyon tondan çox ümumi yük, 7 milyon tona yaxın tranzit yükü daşınıb.
ADY-i bildirir ki, Şimal-Cənub dəhlizi üzrə Astara (İran) terminalının tikinti işlərinin 60 faizi uğurla tamamlanıb.
“Ötən il bu terminalda 700 min tona yaxın yük aşırılıb. Həmçinin Azərbaycan Astarasında yaradılan yeni terminal sayəsində Şimal-Cənub dəhlizinin inkişafına töhfə verilib”, hesabatda deyilir.
ADY bildirir ki, beynəlxalq nəqliyyat bağlantısı olan Orta Dəhliz üzrə tranzit yüklərin həcminin artırılması və səmərəli idarə olunması məqsədilə Azərbaycan, Qazaxıstan və Gürcüstan dəmir yolları arasında Birgə Müəssisə yaradılıb.
“Çin mənşəli yüklərin Orta Dəhlizlə Azərbaycan üzərindən daşınması bərpa olunub. Bu məqsədlə konteyner daşımalarının blok qatar şəklinə salınması və təyinatı üzrə birbaşa göndərilməsi təmin olunub. Çindən idxal və tranzit yükü ilə yola düşən konteyner blok qatarlar Orta Dəhlizlə ortalama 8-10 gün ərzində ölkəmizə çatıb ki, bu da ənənəvi marşrutlarla çatdırılma vaxtından təxminən iki dəfə (15-18 gün) azdır”.
ADY bildirir ki, Azərbaycan üzərindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin buraxılış gücünü artırmaq məqsədilə 2017-ci ildə Şərq-Qərb bağlantısının ən vacib seqmentlərindən olan Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolunun təntənəli açılışı baş tutub.
"Yeni dəmir yolu xətti regional yükdaşımalarda məsafə və vaxt müddətini qısaldaraq Çin–Avropa–Çin nəqliyyat və ticarət dəhlizinə yeni nəfəs gətirib. BTQ dəmir yolunun Gürcüstan seqmentinin hazırda davam edən genişləndirilməsi bir neçə aya başa çatacaq, xəttin buraxılış gücü milyon tondan 5 milyon tona qədər artacaq", hesabatda qeyd edilir.