Siyasi fəal və şərhçi Mehdi Nəimi Amerikanın Səsinə söhbətində deyir ki, İran hökümətinin senzura siyasəti sadəcə türkcə nəşrlərin məzmununu deyil, həm də bu əsərlərdə istifadə olunan dili hədəfləyir. O, dövlət orqanlarının bir “eybəcər dil” ortaya çıxarmaq istədiyini önə çəkir.
Your browser doesn’t support HTML5
“İranda assimilyasiya siyasəti tam sürəti ilə davam etməkdədir. Yalnız zaman-zaman bunun tətbiq etmə yolu və şəkli dəyişmiş ola bilər. Yəni, bunların milli-mədəni haqlarımıza qarşı mövqeyi əllərindən gəldiyi qədər getdikcə bərkiyir,” Mehdi Nəimi söyləyir.
O, deyir ki, “bunlar bir yerlərdə biraz geri çəkilə bilir. O da millətimizin və özəlliklə də aktivistlərimizin əməyi sayəsində olur. Yoxsa dövlət orqanları istəyərək türkcə kitablara və dərgilərə icazə vermirlər. Elə durumlar var ki, yazılı əsərə o qədər əl aparırlar ki, əsərin qolunu budağını vururlar və eybəcər bir şey ortaya çıxır.”
SEE ALSO: Sina Mirzayi: Bu assimilyasiya sistemi ilə mübarizə üçün türk dilində daha çox yazıb və məzmun yaratmalıyıqBu yaxınlarda sosial şəbəkələrdə İranda türkcə kitablara tətbiq edilən senzura nümunəsi olan bir sənədin surəti paylaşılıb. Həmin sənədə görə, İran mədəniyyət nazirinin eksperti İran Azərbaycanında çapa hazırlanmış “Quşlar içində bir quş” adlı kitabın yazarından bəzi sözlərin silinməsi və ya dəyişdirilməsi tələb olunub. Mədəniyyət nazirliyinin eksperti yazarın adının rəsmi formada (fars dili qaydalarına uyğun olaraq) yazılmasını və dilin adının “Azərbaycan dili” və ya “Azəri” olaraq qeyd edilməsini tələb edib. Ekspert həmçinin kitabda işlədilən “ada”, “orman”, “əski çağlar”, “duyğu”, “tarla” və “könül” kimi sözlər və ifadələrin “İstanbul türkcəsi” olduğunu irəli sürərək kəlmələrin dəyişdirilməsini istəyib.
Mehdi Nəiminin sözlərinə görə, “əsərlərin məzmununa çox diqqət edirlər ki, içində bir düşüncə, bir fikir və ya millətləşmə prosesində oyanışa yararlı olan bir şey olmasın. Sonra da onun formasına keçirlər ki, orada sözcüklərə və terminlərə ilişirlər. İstəyirlər ki, öz-türkcə kələmələr olmasın, onların dediyi kimi ‘azəricə’ olsun. Bu, onların ifadəsidir. Biz buna qatılmırıq. Bizim millətimiz dilini türkcə bilir.”
O, sosial şəbəkələrdə surəti paylaşılan sənəddə keçən bəzi sözlərə işarə edərək, bu sözlərin İran Azərbaycanı, eləcə də İranda türklər və türkmənlərin yaşadığı digər bölgələrdə istifadə olunduğunu önə çəkir.
SEE ALSO: Ural Hatəmi: İran hökümətləri son yüzildə türkcənin mədəni və sosial sərmayə olaraq inkişafına icazə verməyiblər“Bəzi kəlmələr işlədilir. Bəzən də baxırıq ki, bir kəlmə bizdə işlədilərmiş amma biz məktəbdə və universitetdə türkcə oxumadığımıza görə bunları unutmuşuq və başqa qarşılığını işlədirik. Yəni, bu kəlimələr elə bu dəqiqə İranın dəyişik yerlərində işlədilir və ya keçmişdə işlədilib. Tutaq ki, bir kəlmə heç bizdə olmayıb və Türkiyədən alınıb. Bunda da anormal bir şey yoxdur. Onlar öz nəzərlərində bu kəlmələri arındırırlar ki, türkcə olmasın, oyanışda müsbət təsiri olmasın, insanların söz dağarcığına müsbət yöndə təsir etməsin. İstəyirlər eybəcər bir dil ortaya qoysunlar. Bu da bizim yazarlarımızın və aydınlarımızın çəkdiyi əziyyətdir” deyə Mehdi Nəimi əlavə edir.