İranda bəzi idxal ərzaq məhsulları üçün müəyyənləşdirilmiş dolların 4,200 tümənlik dövlət məzənnəsi və un subsidiyasının ləğv edilməsinin ardınca əsas qida məhsulları dramatik şəkildə bahalaşıb. Müxtəlif vilayətlərdə bahalığa qarşı küçə etirazları təşkil olunur.
Amerikanın Səsinə danışan iqtisadçı Mehdi Nəimi hökümətin dövlət məzənnəsi və subsidiyalarının ləğv edilməsinin vaxtsız qərarlar olduğunu ifadə edir.
Bu subsidiyaları ləğv etməyin indi zamanı deyildi. Çünki əhali onsuz da ağır bir yük və ağır bir basqı altındadır.
İbrahim Rəisi hökümətinin iqtisadi siyasətlərini tənqid edən Mehdi Nəimi deyir ki, hökümətin tərkibində bacarıqlı iqtisadçılar var, ancaq onların iqtisadi qərarlara o qədər də təsirləri yoxdur.
“Rəisinin iqtisadi komandasında əsas ixtisası iqtisadiyyat olan insanlar, həm də dərslərini yaxşı oxumuş və iqtisadiyyatı nisbətən yaxşı anlayan insanlar vardır. İqtisadiyyatdan heç baş açmayan adamlar da var. Məsələn Sepahın sabiq komandirlərindən olan cənab Möhsin Rzayi,” iqtisadçı söyləyir.
Nəimi 4,200 tümənlik dövlət məzənnəsi və subsidiyaların ləğvini vaxtsız hesab edir.
“Bu qərarları tənqid edən iqtisadçılar da deyir ki, indi zamanı deyildi. Çünki, əhali onsuz da ağır bir yük və ağır bir basqı altındadır. Belə bir basqı bir dəfədə onlara yükləndiyində bu, ayaqlanmağa yol açar. Necə ki, fərqli yerlərdə ayaqlanmalar baş tutub və getdikcə də çoxalacağı görünür,” o bildirib.
Mən bilirəm ki, hökümət kabinetində olan o iqtisadçıların İranın o həssas siyasi məsələlərindən çox xəbərləri yoxdur.
Onun sözlərinə görə, İbrahim Rəisinin iqtisadi komandasında olan bacarıqlı iqtisadçılar “hökümətin səhv siyasətlərini müdafiə etmək məcburiyyətində qalaraq özlərini gülünc vəziyyətə salırlar,” Mehdi Nəimi deyir.
“Mən bilirəm ki, hökümət kabinetində olan o iqtisadçıların İranın o həssas siyasi məsələlərindən çox xəbərləri yoxdur. Yəni, danışa da hakimiyyətin siyasətlərini müdafiə edirlər, ancaq onları xüsusi olaraq dindirsən, deyəcəklər ki, bizim baş verənlərdən heç xəbərimiz yoxdur. Məncə, bu siyasətləri müdafiə etməyə məcbur qalırlar. Onlar, universitet dönəmində və gənc yaşlarında belə düşük səviyyədə deyildilər. Ancaq sistemə girdikdən sonra çox gülünc ifadələr dilə gətirirlər. Mən onları tanıdığıma görə təəccüblənirəm. Tanımayanlar deyirlər ki, bunlar nə qədər geri qalmış adamlardır. Ancaq elə deyil, onlar akademik olaraq iqtisadiyyatdan anlayırlar, fəqət məcburiyyətdən belə danışırlar,” Mehdi Nəimi əlavə edir.