Accessibility links

Təbriz, Urmiyə və Həmədanda əsas qida məhsullarının saxlanıldığı anbarlara basqın edilib


İran Azərbaycanı və ölkənin digər bölgələrində un və digər əsas qida məhsullarının bahalaşması fonunda polis və hərbi qüvvələr un, makaron, yağ, düyü və şəkər kimi məhsulların saxlanıldığı anbarlara basqın edilib.

İranın rəsmi və yarı-rəsmi xəbər agentliklərinə istinadən, keçən bir neçə gün ərzində Təbriz, Urmiyə, Həmədan, Tikantəpə, Sayınqala, Parsabad-Muğan və Əbhər kimi şəhərlərdə İnqilab Qvardiyası (Sepah) və polis basqını nəticəsində yüzlərlə ton əsas qida məhsulları aşkar edilib.

Dövlət agentliyi İRNA-nın xəbərinə əsasən, may ayının 10-da İran İnqilab Qvardiyasının (Sepah) qüvvələri Urmiyənin cənubunda yerləşən bir anbara basqın edilib. Basqın nəticəsində 750 ton qida məhsulları aşkar edilib.

May ayının 11-də yarı-rəsmi "Fars" agentliyi Təbrizdə anbarlara basqın nəticəsində 10 ton yağın, Təbrizə yaxın bir şəhərdə isə 16 ton şəkərin aşkar edildiyini bildirib.

Agentliklər, həmçinin Ərdəbil vilayətinin Parsabad şəhəri, Zəncan vilayətinin Əbhər şəhəri, Qərbi Azərbaycan vilayətinin Tikantəpə şəhəri və Həmədan şəhərində anbarlara basqın edən polis qüvvələri tərəfindən onlarla ton makaronun aşkar edildiyinə dair xəbər yayıblar.

İran dövlətinin qida fabrikləri və bəzi çörək zavodlarının subsidiyasını ləğv etməsinin ardınca un, habelə çörək, makaron, qənnadı məmulatları kimi un məhsullarının qiyməti dramatik şəkildə bahalaşıb. Dövlət problemi ənənəvi çörək subsidiyası və kupon sistemi ilə çözəcəyini vəd edib. Açıqlamalara görə, ödəniləcək çörək subsidiyası adambaşına günlük 250 qram çörəyə bərabərdir.

Un və un məhsullarının qiymətində dramatik artım fonunda Şərqi Azərbaycan vilayətinin polis idarəsi və digər dövlət qurumları çörək dükanlarına nəzarətin gücləndirilməsi yönündə birgə fəaliyyətə başlayıblar. Vilayətdə çörək mağazalarına nəzarət üçün 45 təftiş komandasının təyin edildiyi açıqlanıb.

XS
SM
MD
LG