Accessibility links

Təbrizdə xəstəxana işçiləri aksiya keçirib


Son vaxtlar Təbrizdə müxtəlif sektorlarda çalışan işçilər tərəfindən təşkil olunan etiraz aksiyaları kəskin artıb.

May ayının 10-da Təbrizin Alinəsəb xəstəxanasında çox sayda işçinin iştirakı ilə piket keçirilib. Yarı-rəsmi İLNA (Iranian Labour News Agency) agentliyinə istinadən, xəstəxananın inzibati işçiləri maaşlarının digər şöbələrin çalışanlarından az olduğuna etiraz edirlər.

"Alinəsəb xəstəxanasının həyətində toplaşan inzibati işçilər sadəcə müalicə şöbəsinin əməkdaşlarına ödənilən əlavə xüsusi ödənişlə əlaqədar etirazlarını nümayiş etdirdilər. Onlar ədalətin yerinə yetirilməsini tələb edirlər," agentlik bildirib.

Sosial şəbəkələrdə paylaşılan görüntülərə əsasən, mitinqə qatılanlar xəstəxana məsullarının istefasını istəyiblər.

İranda un məhsulları başda olmaqla, əsas qida məhsullarının qiymətində dramatik artım azgəlirli təbəqənin məişət şəraitini xeyli çətinləşdirib.

İLNA agentliyi bazar günü yaydığı bir xəbərdə Təbrizdə ev kirayələrinin də nəzarətsiz bir şəkildə artdığını yazıb. Xəbərə görə, bəzi ailələr kirayələrin artması səbəbilə şəhərətrafı bölgələrə köçürlər.

Son bir neçə ay ərzində İranda müxtəlif sektorlarda çalışan işçilər yüzlərlə piket və etiraz aksiyası təşkil ediblər. Mitinqlərdə ən çox "maaşların bərabərləşdirilməsi" tələbi gündəmə gətirilir.

XS
SM
MD
LG