İran Azərbaycanında mədəni fəallar video-mesajlar paylaşaraq siyasi məhbuslara dəstək bildirirlər

İran Azərbaycanında siyasi məhbuslara dəstək üçün geniş video-mesaj kampaniyası başladılıb. İran Azərbaycanı və Tehranda yaşayan çox sayda mədəni və siyasi fəal sosial şəbəkələrdə video-mesajlar paylaşaraq həbsdə olan siyasi fəallara dəstək bildirirlər.

Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil, Zəncan və Tehran kimi vilayətlərdə yaşayan türk fəallar, eləcə də Yürüş Mehrəlibəylinin yaxınları başda olmaqla, bəzi siyasi məhbusların ailə üzvləri və sabiq siyasi məhbuslar Instagram və Facebook kimi sosial media şəbəkələrində paylaşılan videolarda apardıqları "milli mübarizə" üçün həbs edilən fəalların yanında olduqlarını ifadə ediblər.

Video-mesaj paylaşan bəzi fəallar bütün siyasi məhbuslara azadlıq tələb etdiklərini ifadə edərkən, bəzi fəallar isə xüsusilə Yürüş Mehrəlibəyli, İbrahim Savalan, Əli Rəzizadə Nadarlı, Mahmud Ocaqlı və Saleh Molla-Abbasi kimi məhbuslara dəstək bildiriblər.

Keçən təqribən 10 gün ərzində ölkə daxilində yaşayan Durna Mehrəlibəyli, Yılmaz Mehrəlibəyli, Lətif Həsəni, Əli Şadi, Vəhid Əbhəri, Əli Radməniş, Salar Tahir Afşar, Xədicə Qoşuni Turan, Taymaz Mehrəlibəyli, Ehsan Mahmudi Gəlinqaya, Cəlal Kudərili, Əhməd Ağayi Qaraçorlu, Siyamək Kuşi, Həmzə Vəlizadə, Pınar Molla-Abbasi, Pınar Fərəczadə, Maral Mehrəlibəyli, Aydın Salami, Araz Süleymani, İbrahim Mühacir və Həsən Əfraz kimi fəallar videolar paylaşaraq siyasi məhbuslara dəstək kampaniyasına qatılıblar.

"Azərbaycanımızın və millətimizin səadəti və azadlığı üçün çalışan, mübarizə edən və bu yolda bədəl ödəyən bütün siyasi məhbuslarımızın və qardaşım Yürüşün yoluna inanıram və onların arxasındayam"- deyə, Yürüş Mehrəlibəylinin bacısı Durna Mehrəlibəyli öz Insragram səhifəsində insanları onların səsinə səs verməyə çağırıb.