Marağa şəhərində yaşayan milli fəal Muxtar İbrahimi həbsxanaya köçürülüb

Güneyli fəal Muxtar İbrahimi

Marağa şəhərində yaşayan milli fəal Muxtar İbrahimi yanvarın 22-də bir illik həbs cəzasının tətbiqi üçün bu şəhərin həbsxanasına köçürülüb.

Bölgədəki hüquq müdafiəçilərinin bildirdiyinə görə, yanvarın 21-də polis məmurları həbs cəzasının tətbiqi üçün ona təzyiq göstərmək məqsədilə onun Marağa şəhərindəki mağazasını möhürləyib. Həmçinin bu siyasi fəalın Marağadakı dükanı möhürlənməmişdən əvvəl, həbs hökmünün tətbiq edilməsi üçün fəala təzyiqlər çərçivəsində şəxsiyyət vəsiqəsinin seriya nömrəsi bloklanaraq, sosial xidmətlərdən məhrum edilib.

O, bu yaxınlarda bir neçə digər milli fəalla birlikdə Yürüş Mehrəlibəylinin ailəsini ziyarət etmək məqsədilə Culfaya gedərkən polis tərəfindən həbs edilib və Təbriz Kəşfiyyat İdarəsinin təcridxanasına köçürüldükdən və bir neçə saat dindirildikdən sonra sərbəst buraxılmışdı.

Muxtar İbrahimi 2021-ci ilin martında Marağa İnqilab Məhkəməsi tərəfindən "sistemə qarşı qruplar yaratmaq və sistemə qarşı olan kanallara və qruplara üzv olmaq" ittihamı ilə 10 il həbs cəzasına məhkum edilmişdi. Daha sonra ilkin məhkəmənin hökmü Apellyasiya Məhkəməsində 1 ilə endirilib.

Milli fəal 2021-ci ilin avqust ayının 26-da təhlükəsizlik qüvvələri tərəfindən həbs edilərək 21 gün nəzarət altında sorğu-sual edildikdən sonra Marağa həbsxanasına köçürülmüşdü. Bir müddət həbsxanada saxlanılan İbrahimi girov qarşılığında müvəqqəti olaraq məhkəmənin yekun qərarına qədər sərbəst buraxılmışdı.

Ebrahimi əvvəllər dinc fəaliyyətinə görə təhlükəsizlik qüvvələri tərəfindən həbs edilmiş və həbs cəzasına məhkum edilmişdi.