Accessibility links

Milli fəal Muxtar İbrahimi Marağa mərkəzi həbsxanasına köçürülüb


Şərqi Azərbaycan vilayətinin Marağa şəhərində təhlükəsizlik qüvvələrinin nəzarətində saxlanılan milli fəal Muxtar İbrahimi Marağa mərkəzi həbsxanasına köçürülüb.

Amerikanın Səsinin İran Azərbaycanındakı insan haqları fəallarından əldə etdiyi məlumata əsasən, İbrahimi təxminən 3 həftə təhlükəsizlik qüvvələrinin nəzarətində qaldıqdan sonra Marağa həbsxanasına köçürülüb.

Lakin milli fəala qarşı irəli sürülən ittihamlar barədə məlumat yayılmayıb.

İbrahimi avqustun 20-də təhlükəsizlik qüvvələrinin evinə hücumu zamanı həbs edilmişdi. Təhlükəsizlik qüvvələri fəalı həbs etdikləri zaman onun şəxsi əşyalarını götürüblər.

Son zamanlarda İran Azərbaycanının digər şəhərlərində olduğu kimi Marağa şəhərində də təhlükəsizlik qüvvələri milli fəalları hədələyib təzyiqlərə məruz qoyub. Ötən günlərdə milli fəallar Hamid Yeqanəpur, Məhəmməd Abbaspur və Davud Əzimzadə Marağanın Ettelaat idarəsinə çağırılaraq saatlarla sorğu- suala çəkiliblər.

Muxtar İbrahimi daha öncə də mədəni fəaliyyətləri səbəbi ilə İranın təhlükəsizlik qüvvələri tərəfindən saxlanılmışdı. 2013-cü ilin dekabr ayının 3-də Azərbaycan Milli hökumətinin tərəfdarlarından olan Xanəli Mütii-ni anma tədbirində onun məzarı üzərində təhlükəsizlik qüvvələri tərəfindən döyülərək saxlanılmışdı. İbrahimi daha sonra Mahabad şəhərinin İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən 3 ay həbs cəzasına məhkum olunmuşdu. O, dəfələrlə Marağa şəhərinin Ettelaat İdarəsinə çağırılaraq hədələnmişdi.

XS
SM
MD
LG