Sərhədsiz Reportyorlar təşkilatı Azərbaycan hakimiyyətini “jurnalist ovunu” dayandırmağa və həbs edilən jurnalistləri dərhal azad etməyə çağırıb.
“Abzas Medianın əməkdaşı Elnarə Qasımova və CAMnews-un əməkdaşı Şahin Rzayev noyabr ayından bəri Azərbaycanda həbs edilən səkkinci və doqquzuncu jurnalistlərdir. Sərhədsiz Reportyorlar Azərbaycan hökumətini jurnalist ovunu dayandırmağa və onları dərhal azad etməyə çağırır”, Sərhədsiz Reportyorlar yanvarın 16-da təşkilatın X səhifəsində qeyd edib.
Yanvarın 15-də Xətai rayon Məhkəməsi “Abzas Media” xəbər saytının əməkdaşı Elnarə Qasımova barəsində 2 ay 17 gün həbs-qətimkan tədbiri seçib. Qasımova “Abzas Media”nın həbs edilən digər jurnalistləri kimi “qaçaqmalçılıq”da ittiham edilir.
Noyabr ayından bəri korrupsiyasına dair araşdırmaları ilə tanınan “Abzas Media” xəbər saytının direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı, direktor müavini Məhəmməd Kekalov və reportyor Nərgiz Absalamova həbs edilib. Daha sonra “Abzas Media” ilə əməkdaşlıq edən “Turan” agentliyinin araşdırmaçı jurnalisti Hafiz Babalı da bu iş üzrə həbs edilib.
“Abzas Media” jurnalistləri “qaçaqmalçılıq yolu ilə ölkəyə xarici valyuta gətirməkdə” ittiham edilsə də, onlar peşə fəaliyyətləri, xüsusən də yüksək rütbəli məmurların korrupsiyasına dair dərc etdikləri araşdırmalara görə cəzalandırıldıqlarını bildirirlər.
Yanvarın 15-də münaqişə jurnalistikası üzrə mütəxəssis Şahin Rzayev də saxlanılıb. Xırda xuliqanlıq etməkdə ittiham edilən jurnalist məhkəmə qərarı ilə 15 sutka inzibati həbsə məhkum edilib.
10 il müddətində Böyük Britaniyanın Sülh və Araşdırmalar İnstitutunun Azərbaycan üzrə direktoru kimi çalışan Şahin Rzayev sosial şəbəkələrdə tənqidi postlar paylaşıb. Ailəsi Rzayevin məhz Facebook sosial şəbəkəsində yazdığı statusuna görə saxlanıldığını bildirib.
Azərbaycanda son bir neçə ay ərzində “Kanal 13” internet televiziyasının rəhbəri və təsisçisi Əziz Orucov, “Kanal 11” internet televiziyasının direktoru Teymur Kərimov və “azerinfo.az”xəbər saytının rəhbəri İbrahim Hümbətov da Cinayət Məcəlləsinin müxtəlif maddələri üzrə ittiham edilərək həbs ediliblər.
Bugünədək bir sıra yerli və beynəlxalq təşkilatlar, o cümlədən Avropa İttifaqı, Avropa Şurası, ABŞ Dövlət Departamenti Azərbaycanda jurnalistlərin həbsi ilə bağlı narahatlıq ifadə edib, Azərbaycan hakimiyyətini müstəqil mediaya və tənqidi səslərə qarşı təqibləri dayandırmağa çağırıblar.