Avropa Şurasının insan hüquqları üzrə komissarı Dunya Miyatoviç Azərbaycan və Ermənistan hakimiyyətini Qarabağ münaqişəsindən zərərçəkənlərin hüquqlarını müdafiə etməyə çağırıb.
Ötən ilin 16-23 oktyabr tarixlərində Ermənistan və Azərbaycana, o cümlədən Qarabağ bölgəsinə səfər edən Miyatoviç yanvarın 12-də səfərinin nəticələrinə dair müşahidələrini dərc edib.
“Ermənistan və Azərbaycan hakimiyyəti sülh danışıqlarında insan hüquqlarının müdafiəsinə diqqət yetirməli və münaqişənin təsirinə məruz qalan bütün şəxslər üçün güclü insan hüquqları təminatları yaratmalıdır”, Dunya Miyatoviç vurğulayıb.
İnsan hüquqları Komissarının bölgəyə səfəri ötən ilin sentyabr ayında Azərbaycanın Qarabağ bölgəsinə tam nəzarəti bərpa etməsi və Qarabağın 100 mindən artıq erməni əhalisinin kütləvi köçü ilə nəticələnən hərbi əməliyyatlarından sonraya təsadüf edib.
Ermənistanda olarkən Qarabağdan köçən sakinləri ziyarət edən Miyatoviç Ermənistan hakimiyyətinin köçkünlərə yardımla bağlı gördüyü tədbirləri alqışlayıb və Avropa Şurası ölkələrini bu istiqamətdə Ermənistana hərtərəfli dəstək verməyə çağırıb.
Miyatoviç köçkün düşmüş Qarabağ ermənilərinin təhlükəsiz və ləyaqətli şəkildə öz evlərinə qayıtması, o cümlədən onların vətəndaşlığı və hüquqi statusu ilə bağlı çevik həll yollarının tapılmasının vacibliyini vurğulayıb.
O, həmçinin Qarabağın erməni sakinlərinin əsaslı həll yolları tapılanadək müvəqqəti şəkildə öz evlərinə qayıda, yaxınlarının məzarlarını ziyarət edə bilmələri üçün şərait yaradılmasını tövsiyə edib, Azərbaycan hakimiyyətini onların geridə qoyduqları əmlakın qorunması üçün tədbirlər görməyə çağırıb.
Azərbaycanda səfərdə olarkən Azərbaycan prezidentinin müşaviri Hikmət Hacıyev və digər bir sıra dövlət rəsmiləri ilə görüşlər keçirən Dunya Miyatoviç daha sonra Qarabağ regionuna səfər edərək Xankəndində qalan azsaylı erməni sakinlərə baş çəkib, Füzuli və Ağdam rayonlarında dağıdılmış kənd və şəhərləri müşahidə edib.
O, həmçinin Füzulidə bu yaxınlarda salınmış, məcburi köçkün düşmüş azərbaycanlıların bir qisminin qayıtdığı yaşayış massivində olub. Məcburi köçkünlərlə yanaşı Komissar Ağdamda mina qurbanları və onların ailələri ilə görüşlər keçirib, regionda aparılan minatəmizləmə işləri ilə tanış olub.
Onilliklər boyu davam edən münaqişənin ciddi insan hüquqları ilə müşahidə olunduğunu qeyd edən Dunya Miyatoviç bütün köçkünlərin ləyaqətli və təhlükəsiz şəkildə qayıtmaq, mina təhlükəsindən və müharibənin partlayıcı qalıqlarından qorunmaq hüququnun təmin edilməsi, əsirlərin müdafiəsi, itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi ilə bağlı hər iki ölkə hakimiyyətinə çağırış edib.
Miyatoviç həmçinin münaqişə zamanı törədilən ciddi insan hüquqları pozuntuları ilə bağlı araşdırma aparılmasının və qurbanlara adekvat kompensasiyanın təmin edilməsinin vacibliyi qeyd edib.
“Münaqişə dövründə beynəlxalq humanitar hüququn pozulması və ciddi insan hüquqları pozuntuları ilə bağlı bütün iddialar effektiv və operativ şəkildə araşdırılmalı, günahkarlar ədalətli, müstəqil və qərəzsiz məhkəmə araşdırmasından sonra təqsirli bilinərsə, məsuliyyətə cəlb edilməli və cəzalandırılmalıdır”, Miyatoviç vurğulayıb.
Son olaraq, sənəddə Azərbaycan və Ermənistan hakimiyyəti nifrət nitqinin qarşısının alınması, dinc birgəyaşayışın və qarşılıqlı etimadın təşviqi istiqamətinə addımlar atmağa, bu prosesdə vətəndaş cəmiyyətinin aktiv iştirakını təmin etməyə çağırılır.