Təbriz millət vəkili və Şərqi Azərbaycan vilayətinin sabiq valisi Əhməd Əlirza Beygi İran Parlamentində qəbul edilmiş "Hicab və İffət" qanun layihəsini sərt dillə tənqid edib.
Əlirza Beygi Entekhab.ir xəbər portalına verdiyi müsahibədə sözügedən layihənin İran toplumunun şərait və ehtiyaclarına uyğun olmadığını və ölkəni sosial gərginliklərə sövq edəcəyini ifadə edib.
“Hicab və İffət” proqramı məclisdə qanun layihəsi olaraq qəbul edilmədən əvvəl bir ildən artıqdır ki, polis və məhkəmə sisteminin birgə keçirdikləri tədbirlər çərçivəsində icra olunur. Qanun layihəsi bir müddət əvvəl İran məclisində qəbul olundduqdan sonra Konstitusiyanı Qoruma Şurasından keçməyi gözləyir.
Əhmədd Əlirza Beygi deyib ki, “bu qanun layihəsi Konstitusiyanı Qoruma Şurasından keçsə belə həyata keçirilməsi mümkün olmayacaq. Çünki, toplumun şərait və ehtiyaclarına uyğun deyil və ölkəni sosial gərginliklərə sövq edər. Bəlkə də bu günə qədər heç icra olunmayan digər qanunlardan biri olacaq.”
O, həmin qanun layihəsində bir çox qüsurların olduğunu vurğulayıb. “Qüsurların biri budur ki, məsələn əgər ictimai nəqliyyat və taksilərdə bir sərnişin həmin qanuna uyğun olaraq hicaba riayət etməsə, sürücüyə cəza veriləcək. Bunu indi də edirlər, ancaq qanun formasına gəldikdən sonra daha da praktik bir forma alacaq. Bu heç də məntiqli deyil,” deyə tanınmış siyasətçi əlavə edib.
SEE ALSO: Şərqi Azərbaycan vilayətində sərnişinlərin hicaba riayət etmədiyi iddiası ilə 439 avtomobilə həbs qoyulubİslam Respublikası bir ildən artıqdır ki, şəriət qaydalarının tətbiqi və qadınların geyiminə nəzarəti gücləndirmək üçün yeni layihələr həyata keçirməyə başlayıb. Hökumət fərqli vilayətlərdə bəzi iş yerləri və ticarət obyektlərini hicab və digər qaydalara riayət edilmədiyi iddiası ilə möhürləyir. İran polisi kameralar vasitəsilə avtomobillərdə hicaba riayət etməyən qadın sərnişinləri müəyyən edərək onlara SMS xəbərdarlıq göndərir. Hökumət həmçinin vətəndaşlardan “yaxşı əmələ təşviq və pis əməldən çəkindirmə” üzrə öz dini vəzifələrinə uyğun olaraq hicab qaydalarına riayət etməyən qadınlara sözlü xəbərdarlıq etmələrini tələb edir.