İnsan hüquqları fəalı Bəxtiyar Hacıyevin işi üzrə hazırlıq iclası təxirə salınıb

Hillari Klinton və Bəxtiyar Hacıyev (Arxiv foto. Mənbə: VOA)

Dekabrın 29-da Bakı Ağır Cinayətlər məhkəməsində həbsdə olan insan hüquqları fəalı Bəxtiyar Hacıyevin işi üzrə hazırlıq iclası təxirə salınıb.

Bu barədə Amerikanın Səsinə vəkil Aqil Layıc bildirib.

Your browser doesn’t support HTML5

Aqil Layıc: Bəxtiyar Hacıyevin işi üzrə hazırlıq iclası təxirə salınıb

Onun sözlərinə görə, Hacıyev ittiham aktını dünən aldığını deyəndə, hakim dinləmələri təxirə salıb, çünki qanunvericiliyə görə, təqsirləndirilən şəxs bu sənədi məhkəmə başlamazdan ən azı bir həftə əvvəl almalıdır.

Vəkil hazırlıq iclasının yanvarın 7-dək təxirə saldığını bildirib.

Öz növbəsində hüquq müdafiəçisi Rüfət Səfərov bildirib ki, məhkəmə iclasına hakim Əli Məmmədov sədrlik edib.

Onun sözlərinə görə, bugünkü məhkəmə iclasında anket məlumatlarının yoxlanılması zamanı hakim Hacıyevin istintaq təcridxanasında saxlanıldığını bildirdikdə fəal deyib ki, o, “məhbus” deyil, "girovdur".

Hüquq müdafiəçisinin sözlərinə görə, məhkəmə vəkillərin istintaq təcridxanasında Hacıyevlə görüşünə icazə verilməsi (məhkəmə prosesi başladıqdan sonra vəkillər istintaq təcridxanasına yeni icazələr təqdim etməlidirlər), habelə müdafiəçilərin pis çap olunmuş cinayət işinin yeni nüsxəsilə təmin edilməsi barədə müdafiə tərəfinin vəsatətini təmin edib.

Bəxtiyar Hacıyev 2022-ci ilin dekabrın 9-da xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamı ilə həbs edilib.

Dekabrın 15-də Hacıyev azadlığa buraxılması tələbi ilə aclıq aksiyasına başlayıb. O, ictimaiyyət nümayəndələrinin və ailə üzvlərinin israrlı çağırışlarından sonra dekabrın 28-də aclıq aksiyasına son qoyub. Lakin yanvarın 9-da Bakı Apellyasiya Məhkəməsi onun həbsdən azad olunmasını rədd etdikdən sonra o, aclıq aksiyasını bərpa edib. Hacıyev aclıq aksiyasının 51-ci günündə aclığı dayandırıb.

Bu il iyunun 16-da istintaq orqanı Bəxtiyar Hacıyevə qarşı Cinayət Məcəlləsinin 192-ci (Qanunsuz sahibkarlıq), 193-cü (Yalançı sahibkarlıq), 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma), 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə), 206.1-ci (Qaçaqmalçılıq) maddələri ilə yeni ittihamlar irəli sürüb.

Vəkil Elçin Sadıqov Amerikanın Səsinə bildirib ki, yeni ittihamlar da Bəxtiyar Hacıyevin ictimai və hüquq müdafiəçisi kimi fəaliyyəti ilə bağlıdır.

"Yeni ittihamlar QHT işlərində olan ittihamlardır. Guya Bəxtiyar Hacıyev qrantlar alıb və təyinatı üzrə xərcləməyib. Bəxtiyar Hacıyev ittihamları qəbul etmir. O bildirdi ki, ittihamlar onun ictimai və hüquq müdafiəçisi fəaliyyəti ilə bağlıdır. Bu ittihamlar təqibin əsas mahiyyətini göstərir", vəkil bildirib.

ABŞ Dövlət Departamenti, ABŞ Helsinki Komissiyası, Avropa İttifaqı, Avropa Şurası və bir sıra beynəlxalq QHT nümayəndələri dəfələrlə Bəxtiyar Hacıyevin həbsdən azad olunmasını tələb edib.