Urmiyədə yaşayan güneyli milli fəal Əşkan Səadətmehr müxtəlif ittihamlarla 7 il müddətinə azadlıqdan məhrum edilib.
İnsan haqları ilə bağlı xəbərlər yayımlayan Abbas Lisani adlı İnstagram səhifəsi milli fəalın məhkəmə hökmünün surətini dərc edərək ona həbs cəzası verildiyini bildirib.
Urmiyə Cinayət Məhkəməsinin 108 saylı şöbəsi Əşkan Səadətmehri “Müqəddəsləri təhqir etmək” və “kiber məkanda yalan yaymaq” ittihamlarından müvafiq olaraq, 5 və 2 il, ümumilikdə 7 il həbs cazasına məhkum edib.
Səadətmehr məhkəmənin verdiyi qərarla bağlı Apellyasiya Məhkəməsinə şikayət etmək hüququna malikdir.
Milli fəala qarşı irəli sürülən digər ittiham olan "sistemə qarşı təbliğat fəaliyyəti aparmaq" ittihamına isə Urmiyə Ümumi və İnqilab Məhkəməsi baxacaq.
Əşkan Səadətmehr sentyabrın 20-də Urmiyə şəhərində təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib və təxminən bir həftə sorğu-sual edildikdən sonra həmin şəhərin həbsxanasına köçürülüb.
O təqribən 20 gün müddətinə həbsdə saxlanıldıqdan sonra bir milyard tümən girov müqabilində Urmiyə həbsxanasından zaminə buraxılıb.
Səadətmehr bundan əvvəl də dinc fəaliyyətlərinə görə tüəhlükəsizlik qüvvələri tərəfindən həbs edilərək, müxtəlif təzyiqlərə məruz qalıb.