Dekabrın 21-də İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Azərbaycan Xarici İşlər Nazirliyinin siyasi məsələlər üzrə müavini Samir Şərifovla görüşüb və müzakirələr aparıb. Bu barədə səfir Musəvi teleqram kanalında məlumat yayıb.
“Müxtəlif siyasi, iqtisadi, hərbi və digər sahələrdə ikitərəfli münasibətlərdə son durum, Qafqaz regionunda baş verən hadisələr və Azərbaycan ilə Ermənistan arasında davamlı sülhə nail olmaq səyləri, Qafqazda regional əməkdaşlığın müxtəlif formaları, müntəzəm siyasi məsləhətləşmələr mexanizmi, enerji və nəqliyyat sahələrində birgə layihələrin yekunlaşdırılması, bank və konsulluq məsələləri ilə bağlı geniş və məhsuldar müzakirələr apardıq”, Musəvi qeyd edib.
Azərbaycan Xarici İşlər Nazirliyi görüşlə bağlı hələ məlumat yaymayıb.
İkinci Qarabağ müharibəsindən sonra İran-Azərbaycan münasibətlərində gərginlik yaranıb. Müharibədən sonra İran Azərbaycanla, Azərbaycan isə qarşılıqlı olaraq İranla sərhəddə hərbi təlimlər keçirib. İran rəsmiləri Azərbaycana qarşı hədələyici bəyanatlarla çıxış edib.
2023-cü il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə silahlı basqın olub, nəticədə diplomatik missiyanın təhlükəsizlik xidmətinin rəhbəri həlak olub, daha iki mühafizəçi yaralanıb.
Azərbaycan Prezidenti İlham Əliyev silahlı basqını terror aktı kimi qiymətləndirib.
Bununla yanaşı son aylarda iki ölkənin xarici işlər nazirləri problemlərin həlli istiqamətində bir neçə telefon danışığı aparıb. İran xarici işlər naziri Azərbaycan Prezidenti, Azərbaycan xarici işlər naziri isə İran Prezidenti tərəfindən qəbul edilib. İki ölkənin rəsmiləri qarşılıqlı səfərlər edib.
Oktyabrın 6-da Azərbaycanla İranın sərhədindəki Ağbənd bölgəsində (Azərbaycanın Zəngilan rayonu) iki ölkə arasında sərhəd-keçid məntəqəsinin tikintisinə başlanılıb. Elə həmin gün Azərbaycanla bu ölkənin Naxçıvan Muxtar Respublikasını birləşdirəcək İran tərəfinin Araz dəhlizi adlandırdığı (Ağbənd-Culfa) dəmir yolu və avtomobil yolunun, həmçinin Araz çayının üzərində salınacaq körpünün layihələri razılaşdırılıb.
Siyasi təhlilçi Nəsimi Məmmədli Amerikanın Səsinə bildirib ki, Rusiyanın Cənubi Qafqazda mövqeyi zəiflədikcə İran regionda geosiyasi rəqabətə daha da meyillənir.
“İranın Cənubi Qafqazda ən gərgin, barışmaz münasibətlərdə olduğu yeganə dövlət Azərbaycan idi. Bu reallığı nə İran, nə də Azərbaycan qısa zamanda dəyişə bilər. İranla Azərbaycan arasında dərin strateji ziddiyyətlər var. Mövcud geosiyasi proseslərin təsiri ilə yaranan taktiki yaxınlıq müvəqqətidir. İran bu fürsətdən maksimum yararlanmağa çalışır. İran ABŞ-la Azərbaycan arasında soyuq münasibətlərin dərinləşməsində maraqlıdır. Hər əlverişli fürsət düşəndə bu istiqamətdə müəyyən qızışdırıcı addımlar atır “, o bildirib.
Məmmədlinin fikrincə, hazırda İran bəzi regional məsələlərdə Azərbaycanla ortaq mövqedə olduqlarını qabartmaqla ABŞ-Azərbaycan münasibətlərinin pozulmasına ümid edir.
“Azərbaycanın təhlükəsizliyinin əsas qarantı NATO üzvü olan Türkiyədir. İranla münasibətlər iqtisadi-ticarət, kommunikasiya məsələləri üzərindədir”, siyasi təhlilçi qeyd edib.