ABŞ səfiri Şəhidlər Xiyabanını ziyarət edib

ABŞ səfiri Mark Libbi Şəhidlər Xiyabanında (Mənbə: ABŞ səfirliyi)

ABŞ-ın Azərbaycana yeni təyin edimiş səfiri Mark Libbi dekabrın 20-də paytaxt Bakıda Şəhidlər Xiyabanını ziyarət edib.

“Mark Libbi Şəhidlər Xiyabanına gedərək ehtiramını bildirib. O, münaqişə nəticəsində yaxınlarını itirən ailələrə və onların yaxınlarına başsağlığı verir”, ABŞ səfirliyi X Platformasında qeyd edib.

Bakıda Şəhidlər Xiyabanı 1990-cı il yanvarın 20-də keçmiş SSRİ Ordusu tərəfindən Azərbaycanın dinc sakinlərinin qətlə yetirilməsindən sonra yaradılıb. Daha sonra bu xiyabanda Qarabağ müharibəsi zamanı döyüşlərdə həlak olan yüzlərlə insan dəfn olunub. Azərbaycan xalqı hər il yanvarın 20-də ölkənin müstəqilliyi və suverenliyi uğrunda həyatını qurban verən insanların xatirəsini yad etmək üçün Şəhidlər Xiyabanını ziyarət edir.

Səfir Mark Libbi dekabrın 2-də Bakıya gəlib. Dekabrın 15-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ABŞ-ın yeni təyin olunmuş səfirinin etimadnaməsinin surətini qəbul edib. Amma, səfir Libbi hələ etimadnaməsini ölkə prezidentinə təqdim etməyib.