Dekabrın 20-də Təbriz şəhər sakini, milli fəal Abdullah Ənsari Təbriz İnqilab Məhkəməsində mühakimə olunub.
Bölgədəki insan haqları fəallarının yaydığı məlumata görə, Ənsari “daxili/xarici təhlükəsizliyi pozmaq məqsədilə toplaşmaq və əlbir olmaq” və “İslam Respublikası sisteminə qarşı təbliğat fəaliyyəti göstərmək” ittihamlarından özünü mqdafiə etmək üçün məhkəmə iclasına çağırılıb.
Abdullah Ənsari Təbriz İnqilab Məhkəməsinin 1 saylı şöbəsində hazır olub məhkəmə iclasında müdafiəsini təqdim edib.
O, öz şəxsi İnstagram səhifəsində məhkəmənin çağırış vərəqəsinin surətini paylaşaraq, ona qarşı irəli sürülən ittihamlarla bağlı yazı ki, “Urmiyə gölündən danışmaq, millətin haqlarından danışmaq rejim əleyhinə təbliğat aparmaq, daxili və xarici təhlükəsizliyi pozmaq sayılırmı?”
Avqust ayının 16-da Təbrizin Səhənd stadionunda "Traktor" və "Persepolis" komandaları arasında keçirilən futbol matçında Abdullah Ənsari, digər 3 milli fəal Kərim İsmayılzadə, Mehdi Nəsirzadə və İbrahim Rzayi ilə birgə təhlükəsizlik qüvvələri tərəfindən həbs edilərək, Təbrizin Ümumi və İnqilab Məhkəməsinə aparılmışdı.
Məhkəmədə ittihamları barədə məlumat veriləndən sonra, həmin məhbuslar məhkəmədən Təbriz Mərkəzi Həbsxanasına köçürülmüşdü. Nəhayət avqustun 19-da 3 gün həbsxanada saxlanıldıqdan sonra bu azərbaycanlı milli fəallar 900 milyon tümən və 400 milyon tümən mülki zəmanət qarşılığında məhkəmənin son qərarına qədər müvəqqəti olaraq azadlığa buraxılmışdılar.