Tehran İnqilab Məhkəməsinin 28-ci şöbəsi 2022-ci ildə ümummilli etirazları fonunda təhlükəsizlik qüvvələri tərəfindən həbs edilən Ərdəbil əsilli etirazçı Səccad İmannejada sürgündə 11 il həbs hökmü çıxarıb.
İnsan haqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyinin yaydığı məlumata görə, İmannejad “müharibə” ittihamı ilə İranşəhr şəhərinə sürgündə 10 il həbs cəzasına və "soyuq silahla qəsdən hücum" ittihamı ilə 1 il həbsə məhkum edilib.
O, həmçinin polis və təhlükəsizlik qüvvələri olmaq üzərə yeddi iddiaçıya 2 milyard 700 milyon tüməndən çox diyə-təzminat ödəməyə məhkum edilib.
Həmin xəbərə əsasən, məlumatlı mənbələr Səccad İmannejadın bel diskində ciddi problemlər yaşadığını bildirib. Onun saxlanıldığı müddətdə müalicəyə ciddi ehtiyacı olduğu halda, səlahiyyətlilər onu tibbi məzuniyyətə göndərməkdən imtina ediblər.
Hüquq müdafiəçilərinin yaydığı məlumatlarda onun həbs edilərkən şiddətli döyüldüyü, başı və qabırğasının zədələndiyi qeyd olunub.
SEE ALSO: Ərdəbil əsilli etirazçı məhbus edam təhlükəsi ilə üzləşib1991-ci ildə anadan olan, subay, memarlıq üzrə bakalavr dərəcəsi olan İmannejad 2022-ci ildə ümummilli etirazlara görə ötən il oktyabrın 8-də Tehranda keçirilən kütləvi etirazlar zamanı həbs edilib və bir müddət sonra Evin həbsxanasına köçürülüb.
İranda şəriətə əsaslanan cinayət hüququnda olan "müharibə" ittihamı məhkəmə hakimi tərəfindən təsdiqlənərsə, təqsirləndirilən şəxs üçün ölüm hökmü çıxarıla bilər. Bu səbəbdən, mart ayında onun məhkəmə iclası keçirilən zaman ona qarşı bir neçə ittiham, o cümlədən müharibə ittihamı irəli sürülərkən barəsində ölüm hökmünün mümkünlüyü ilə bağlı narahatlıqlar artmışdı.