Beynəlxalq Amnesty International Təşkilatı dekabrın 6-da dərc etdiyi hesabatında keçən ilin sentyabrında "Qadın, Həyat, Azadlıq" şüarı altında başlayan ümummilli etirazların dağıdılması zamanı İranın təhlükəsizlik qüvvələrinin etirazçıları qorxutmaq üçün zorlama və digər cinsi zorakılıqlardan istifadə etdiyindən danışılıb.
Sağ qalanlardan 45 nəfərinin başına gələnləri sənədləşdirən 120 səhifəlik hesabatda İranın təhlükəsizlik qüvvələrinin qadınlara, kişilərə və uşaqlara qarşı cinsi zorakılıqdan silah kimi istifadə etdiyi bildirilib.
Sorğu edilənlər İran təhlükəsizlik qüvvələri tərəfindən cinsi zorakılığa məruz qalmış 26 kişi, 12 qadın və 7 uşaq olub.
Hesabatda deyilib ki, indiyədək heç bir İran rəsmisi həbs edilən etirazçılara qarşı cinsi cinayətlərə - zorlama, qrup şəklində zorlaması və ya cinsi zorakılığın digər formalarına görə ittiham olunmayıb.
İranlı qadınlar keçən ilin sentyabrında baş örtüyünü düzgün örtmədiyi iddiası ilə Tehranda həbs edilən 22 yaşlı Məhsa Əmininin həbsdə olarkən ölməsi ilə başlayan ümummilli etirazların önündə olub.
Etiraz hərəkatına İran teokratiyasının onilliklər ərzində qadınlara qarşı tətbiq etdiyi dini məhdudiyyətlər və digər təzyiq formalarından qəzəblənən çox sayda kişi və oğlanlar da qoşulub.
Etirazlar 2022-ci ilin sonunda təhlükəsizlik qüvvələri tərəfindən şiddətli repressiyaya məruz qaldığından tədricən intensivliyini itirib. Fəalların və BMT-nin məlumatına görə, yüzlərlə insan öldürülüb, minlərlə insan həbs edilib.
Beynəlxalq Amnesty International Təşkilatının baş katibi Aqnes Kallamard "Bizim araşdırmalarımız İranda kəşfiyyat və təhlükəsizlik agentlərinin 12 yaşlarındakı uşaqlar da daxil olmaqla, etirazçılara işgəncə, zorlama və digər cinsi zorakılıqdanistifadə edərək, uzunmüddətli fiziki və psixoloji zərər verdiklərini ifşa edir" deyib.
"Əldə etdiyimiz acınacaqlı ifadələr İran hakimiyyətinin etirazları yatırmaq və nəyin bahasına olursa olsun hakimiyyətdən asılı olmaları üçün cinsi zorakılıqdan silah kimi istifadəsinin daha geniş nümunəsinə işarə edir" - deyə, Kallamard bildirib.
Hesabatda İranın təhlükəsizlik qüvvələrinin böyük hissəsinin saxlanılanlara qarşı cinsi zorakılıqlarda iştirak etdiyi deyilib.
Onların arasında İnqilab Keşikçilərinin, hərbiləşdirilmiş "Bəsic" qüvvələrinin, Kəşfiyyat Nazirliyi və İctimai Təhlükəsizlik Polisinin, İran Polis İstintaq Bölməsi və Xüsusi Təyinatlı Qüvvələr kimi müxtəlif hüquq-mühafizə idarələrinin üzvləri olub.
Forum